Bu məşhurlar 11 sentyabr terrorundan "qıl payı" qurtulublar
11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə edilən ölümcül terror hücumlarından bəzi məhşurlar şans nəticəsində qurtula biliblər.
Sfera.az xəbər verir ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarında bəzi məşhurlar ölümə yaxın olublar.
Belə ulduzlardan biri də Popun Kralı Maykl Ceksondur. Mayklın böyük qardaşı Cermeynin yazdığı “Sən tək deyilsən Maykl: Qardaşın gözü ilə” adlı xatirə kitabında ulduzun 2001-ci il sentyabrın 11-də səhər Dünya Ticarət Mərkəzində görüş keçirməli olduğu yazılıbmış. Cermeyn Mayklın dediklərindən sitat gətirib: "Ana, mən yaxşıyam, sənin sayəndə... Mənimlə o qədər gec vaxtadək danışdın ki, yuxuya getdim və görüşümü buraxdım".
Hollivud aktyoru Mark Uolberq də həmin gün ölümdən qurtulub. O, Dünya Ticarət Mərkəzinə düşən ilk təyyarə olan "American Airlines Flight 11"də uçmalı idi. Lakin aktyor təyyarədən imtina etməklə ölümdən "qıl payı" qurtula bilib.
York hersoginyası Sarah Ferqyuson da 11 sentyabr faciəsini az fərqlə əldən verib, çünki onun Şimal Qülləsinin 101-ci mərtəbəsində ofisi var idi, lakin fəlakət baş verən zaman müsahibə üçün otaqdan çıxıbmış.
Qeyd edək ki, ABŞ-də yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar olub. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.
Əzizə Zeynal