Yaponiyada güclü yağışlar: 112 min nəfər...
Yaponiyada 112 min insana təxliyə xəbərdarlığı edilib.
Sfera.az bildirir ki, buna səbəb şiddətli yağışlar olub. Belə ki, Çiba əyalətinin bir çox bölgəsində daşqınlar yaranıb, güclü yağışlar nəticəsində isə 8 nəfər həyatını itirib.
Ölkənin Kanto bölgəsində yağan güclü leysan da ətrafa mənfi təsir göstərib. Tokio yaxınlığındakı Çiba prefekturasının müxtəlif yerlərində daşqınlara görə, piyadalar və avtomobillər yollarda hərəkət etməkdə çətinlik çəkib, qatarların hərəkətində fasilələr yaranıb.
Yaponiya Meteorologiya Agentliyi (JMA) sabaha qədər Tokio, Kanagava, Çiba, Saitama, İbaraki, Toçiqi, Qunma, Yamanaşi, Naqano və Niiqata əyalətlərində güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edib. Həmçinin qurum əhalini sürüşmə və daşqınlara qarşı diqqətli olmağa çağırıb.
Xatırladaq ki, Yaponiyada ötən həftə baş verən “Şanşan” qasırğası nəticəsində yaranan sel və torpaq sürüşmələrində 8 nəfər həyatını itirib. Ən azı 129 nəfərin yaralandığı, mindən çox tikilinin zədələndiyi bildirilib.
Türkan