ABŞ-də prezident seçkilərinin taleyini bu ştatlar HƏLL EDƏCƏK - ADLAR

ABŞ-də prezident seçkilərinin taleyini “kritik ştatlar” müəyyən edəcək.
Sfera.az bildirir ki, söhbət 7 ştatdan gedir. Bunlar Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina və Corciya ştatlarıdır.
Bəs bu ştatlar niyə önəmlidir?
Amerikalı seçicilər prezidentliyə namizədi birbaşa deyil, səs verdikləri nümayəndələr vasitəsilə seçirlər. Bu o deməkdir ki, prezident seçkilərində ümumi 538 nümayəndənin yarıdan çoxunu təşkil edən 270 nümayəndəni qazanan namizəd qalib gəlir. Ona görə də prezidentlik yarışında ən çox səs toplayan namizəd deyil, ən çox nümayəndəyə çatan namizəd yarışı qazanır. Eyni sistemə görə, bir ştatda rəqibindən hətta 1 səs artıq toplayan prezidentliyə namizəd həmin ştatda bütün nümayəndələrə qalib gəlir.
ABŞ-nin seçki sisteminə görə, məsələn, Kaliforniyada 54, Texasda 40, Floridada 30, Nyu Yorkda 28 nümayəndə var. Lakin nümayəndə sayı çox olan bu ştatların ümumi nəticəyə təsiri böyük deyil. Digər tərəfdən, hər seçkidə fərqli namizədə səs vermək potensialına malik seçiciləri olan Pensilvaniya, Corciya, Viskonsin və Miçiqan kimi ştatlar nəticəyə birbaşa təsir edir.
2020-ci ildə keçirilmiş son siyahıyaalmaya görə, Arizona 11 nümayəndə, Nevada 6 nümayəndə, Viskonsin 10 nümayəndə, Miçiqan 15 nümayəndə, Pensilvaniya 19 nümayəndə, Şimali Karolina 16 nümayəndə və Corciya 116 nümayəndəyə malikdir. Bu hesablamaya əsasən, məsələn, Pensilvaniya, Şimali Karolina və Miçiqan ştatlarında qalib gələn namizəd təkcə bu ştatlardan 50 nümayəndə qazanır. Bu ştatlardan 4-nü itirən namizədin seçkilərdə qalib gəlmə ehtimalı azdır. Məsələn, 2016-cı il prezident seçkilərində Tramp rəqibi Hillari Klintondan ümumilikdə daha az səs alsa da, kritik ştatlarda uğurlu çıxışı ilə 304 nümayəndəyə çataraq seçkilərdə qalib gəldi.
ABŞ-də seçki anketlərini dərc edən Real Clear Politics (RCP) xəbər platformasının məlumatına görə, Tramp 7 kritik ştatdan 5-də 1 faizdən az fərqlə Harrisi qabaqlayır. 22-27 avqust tarixləri arasında keçirilən 14 sorğunun nəticələrinə görə, Harris 48,4 faiz, Tramp isə 46,9 faiz səs toplayıb. Kritik ştatlara bir-bir baxdıqda isə, səs faizləri belədir: Arizonada Tramp 47,3 faiz, Harris 46,8 faiz; Nevada ştatında Tramp 47,4 faiz, Harris 46 faiz; Viskonsin ştatında Tramp 47,6 faiz, Harris 48,6 faiz; Miçiqanda Tramp 46,5 faiz, Harris 48,5 faiz; Pensilvaniyada Tramp 47,7 faiz, Harris 47,5 faiz; Şimali Karolinada Tramp 47,2, Harris 46,3, Corciyada isə Tramp 48,1, Harris 47,1 səslə liderlik edir. Sözügedən 7 “kritik ştat”da hazırkı sorğu nəticələrinə baxsaq, Trampın 47,4 faiz, Harrisin isə 47,3 faiz dəstəyi olduğu görünür.
Günay