"Rusiya müqəddəs müharibədə mütləq qalib gələcək" - Kim Çen In
Şimali Koreya lideri Kim Çen In ölkəsinin müstəqilliyinin ildönümü şərəfinə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Sfera.az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Çen In ölkələr arasında dostluq münasibətlərini vurğulayaraq, Ukraynada “sülh uğrunda müqəddəs müharibədə” Rusiyanın qalib gələcəyinə əminliyini ifadə edib.
“Dözümlü rus xalqı yoldaş Putinin rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək, regional və beynəlxalq sülhə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcək”.
Kim Çen In rus və Şimali Koreya xalqları arasındakı qardaşlığı da xatırladıb. Onun sözlərinə görə, çoxqütblü dünyanın qurulmasında hərəkətverici qüvvə məhz budur.
Xatırladaq ki, Şimali Koreyada avqustun 15-i Qurtuluş Günüdür. Bayram həm Şimali, həm də Cənubi Koreya tərəfindən qeyd olunur. Bu tarix Yaponiyanın Koreya yarımadasında 35 illik müstəmləkəçiliyinin sona çatması ilə bağlıdır.
Günay