Sərnişin qatarı relsdən çıxdı: 140 nəfər xəsarət aldı
Bu gün Rusiya Federasiyasının Volqoqrad vilayətində sərnişin qatarı “KamAZ”la toqquşaraq relsdən çıxıb. 813 nəfərin olduğu Kazan-Adler qatarının qəza yerindən kadrları Rusiyanın Teleqram kanalları yayıb.
Sfera.az bildirir ki, “Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, “KamAZ” markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qatarın qarşısındakı keçidə çıxıb. Maşinist təcili əyləci bassa da, toqquşmadan yayına bilməyib.
Vilayətin qubernatoru Andrey Boçarov ilkin məlumatlara görə, 20 vaqondan 9-u və bir elektrovozun relsdən çıxdığını bildirib. Onun sözlərinə görə, hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Eyni zamanda, vilayət səhiyyə komitəsi biri uşaq olmaqla 5 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Toqquşma nəticəsində azı 33 uşağın xəsarət aldığı bildirilir. Yaralıların ümumi sayı isə 140-a yaxındır. Əksəriyyətində qançırlar və kəsik izləri var. Sərnişinlər özləri heç bir kömək olmadan vaqonlardan enə biliblər.
Qeyd edək ki, qatardakı uşaqların əksəriyyəti Krasnodar diyarındakı uşaq düşərgələrinə gedən qruplar olub.
Yük maşınını 43 yaşlı Aslambek Usmatov idarə edib. O ağır qapalı kəllə-beyin travması alıb və ayaqları zədələnib.
Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi açıb. Yol hərəkəti təhlükəsizliyi və nəqliyyatın istismarı qaydalarının pozulması maddəsi ilə istintaq aparılır.
Aynil
Sfera.az