Banqladeşdə tələbə etirazları: 36 nəfər ölüb - FOTOLAR


Banqladeşdə tələbə etirazları: 36 nəfər ölüb - FOTOLAR

1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin yaxınlarına dövlət sektorunda kvota ayrılmasına qarşı ölkə daxilində universitet tələbələrinin etirazları davam edir.
 

Sfera.az bildirir ki, Banqladeşin paytaxtı Dəkkədə kvota hüququnun götürülməsi tələbi ilə nümayiş keçirən polislə tələbələr arasında qarşıdurma yaranıb.
Çərşənbə axşamından bəri etirazlarda ölənlərin sayı 36-ya çatıb.
 

Çattoqram və Khulna kimi digər şəhərlərdə də aksiyalar olub, etirazçılar bəzi əsas magistral yolları bağlayıblar.
Ədliyyə naziri Anisul Huq hökumətin etirazçılarla görüşməyə hazır olduğunu bildirib.
 

Təfərrüatlar:


Banqladeşdə başlayan etirazlarda kvota hüququnun götürülməsi tələbi ilə nümayişə çıxan müxalifət tələbələri ilə hökumətyönlü tələbələr arasında zorakılıq hadisələri yaşanıb.
 

Polisin bibər qazı, dəyənək və güllələrlə müdaxilə etdiyi hadisələrdə ilk gün 6 nəfər həyatını itirib.
 

Çərşənbə günündən etibarən bütün dövlət və özəl universitetlər qeyri-müəyyən müddətə bağlanıb, gərginliyi azaltmaq üçün çevik polis və Sərhəd Mühafizəçiləri universitet şəhərciyinə göndərilib. Bəzi mobil internet xidmətləri də dayandırılıb.
 

DÖVLƏT SEKTORU KVOTASI
 

Qeyd edək ki, Banqladeşdə ictimai işlərin 56%-i müəyyən qruplara bölünür.


Bunun 30%-i 1971-ci ildə Müstəqillik Müharibəsi iştirakçılarının ailələrinə, 10%-i qadınlara, 10%-i inkişaf etməmiş rayonların sakinlərinə, 5%-i yerli icmalara, 1%-i isə əlilləri əhatə edir.
 

Müharibə iştirakçılarının ailələrinə ayrılan kvota 2018-ci ildə ölkə boyu tələbə etirazlarından sonra ləğv edilib.

 

Lakin ötən ay Ali Məhkəmənin kvota sisteminin yenidən tətbiqi ilə bağlı qərar verməsi ilə etirazlar yenidən başlayıb.
 

Müxalifət tələbələri müharibə iştirakçılarının ailələrinə kvotaların ayrılmasının ayrı-seçkilik olduğunu iddia edir və bunun əvəzinə ləyaqətə əsaslanan sistemin tətbiq edilməsini tələb edirlər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR