Belarusla sərhəddə bir polşalı zabit öldürülüb: Varşava Minskə nota göndərdi

Mayın 28-də Belarus-Polşa sərhədində yaralanan 1-ci Mexanikləşdirilmiş Briqadanın polşalı zabiti Varşavada Hərbi Tibb Hospitalında dünyasını dəyişib. Polşa Silahlı Qüvvələrinin Ali Komandanlığının mətbuat xidmətinin iyunun 6-da verdiyi məlumata görə, səddi yarmaq istəyən miqrant polşalı hərbçini yaralayıb.
Sfera.az bildirir ki, hadisə ilə əlaqədar Polşa Xarici İşlər Nazirliyi Belarus Respublikasının müvəqqəti işlər üzrə nümayəndəsi Aleksey Ponkratenkonu çağırıb. Varşava polşalı hərbçinin qətlində şübhəli bilinən şəxsin müəyyən edilərək ekstradisiyasını tələb edib.
"Göndərilən etiraz notasında Polşa qətiyyətlə Polşa-Belarus sərhədində təxribatlara son qoyulmasını və miqrasiyanın təşkilini tələb edir"- Polşa Xarici İşlər Nazirliyi vurğulayıb.
Xarici işlər naziri Radoslav Sikorski də hadisəyə münasibət bildirib və hadisənin ciddiliyini vurğulayıb. O, zabitin ölümünün bıçaq yarası nəticəsində baş verdiyini açıqlayıb və Belarus hakimiyyətindən cinayətin araşdırılmasında əməkdaşlıq tələb edib.
Radoslav Sikorski eyni zamanda hərbçinin ölümü ilə bağlı hadisənin təsadüfi deyil, Belarus hakimiyyətinin hazırladığı hərəkətlərin nəticəsi olduğunu bildirib.
“Kimsə bıçaqdan istifadə edib Polşa dövlətinin zabitini hasarın üstündən, dövlət sərhədindən bıçaqlayırsa, o, birmənalı olaraq, qaçqın deyil, adi quldurdur”- Polşa diplomatiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, bu insident təsadüfi deyil, Belarus hakimiyyətinin hazırladığı hərəkətlərin nəticəsidir. Nazir həmçinin Polşanın Belarus hakimiyyətini cəzasız qalmamalı olan bu insidentə görə məsuliyyətə cəlb etmək əzmində olduğunu bildirib.
"Qətiyyətlə bildirirəm ki, Belarus hakimiyyəti buna görə məsuliyyət daşıyacaq" - deyə Sikorski sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Polşanın Belarusla sərhəddində miqrantlarla qarşıdurma zamanı odlu silahdan istifadə edən sərhədçilərin cəzalandırılması ilə bağlı qalmaqal yaranıb. Hərbçi vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilib və vəzifədən kənarlaşdırılıb.
Hərbçilərin cəzalandırılması isə etirazlara səbəb olub.
Aysel
Sfera.az