ABŞ-dən Rusiyaya YENİ SANKSİYA: \"Qərara əsasən...\" - AÇIQLAMA

ABŞ-dən Rusiyaya YENİ SANKSİYA: \

ABŞ hökuməti Şimali Koreya ilə Rusiya arasında silah transferinin qarşısını almaq üçün yeni addım atıb.

 

Sfera.az bildirir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Pxenyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının silah ticarətini qadağan edən qətnamələrini pozmaqda ittiham edib. Qurum 2 Rusiya vətəndaşı və Rusiyada yerləşən 3 şirkətə qarşı sanksiya tətbiq edilməsinə qərar verildiyini açıqlayıb.

 

Rusiya vətəndaşlarının Aleksey Budnev və Rafael Anatolyeviç Qazaryan, şirkətlərin isə “Trans Kapital” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Rafort” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Texnologiya OOO” olduğu qeyd edilib.

 

Bildirilib ki, sanksiya qərarı ABŞ-nin Pxenyan və Moskvaya “qanunsuz” fəaliyyətlərinə görə cavab vermək əzminin göstəricisidir.

 

ABŞ Maliyyə Nazirliyinin Terror və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson mövzu ilə bağlı açıqlamasında bunları deyib:

 

“Son addımımız Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığını pozmaq əzmimizi əks etdirir”.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə sanksiya qərarının Pxenyan və Moskva arasında dərinləşən müdafiə əməkdaşlığına qarşı alındığını bildirib:

 

“Rusiya indiyədək Ukraynaya qarşı Şimali Koreya istehsalı olan 40-dan çox ballistik raket və hərbi sursatdan istifadə edib. Sözügedən hərbi sursat BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Rusiyaya göndərilib. Pxenyanla Moskva arasında dərinləşən əlaqələr qlobal təhlükəsizliyə və nüvə silahlarının yayılmaması səylərinə geniş təhlükə yaradır. Bu baxımdan Rusiya və Şimali Koreyanın sabitliyi pozan tərəfdaşlığına qarşı çıxmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”.

 

Miller həmçinin, beynəlxalq ictimaiyyəti ABŞ-lə birgə hərəkət etməyə çağırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR