ABŞ və Böyük Britaniya tezliklə Yəməndə husilərə zərbələr endirəcək

ABŞ və Böyük Britaniya tezliklə Yəməndə husilərə zərbələr endirəcək

ABŞ və Böyük Britaniya yaxın vaxtlarda Yəməndəki husilərin hərbi obyektlərinə zərbələr endirməyə hazırdır.


Sfera.az xəbər verir ki, zərbənin Amerika və Britaniya hərbi gəmilərinə hücuma cavab olaraq həyata keçiriləcəyi bildirilir.


İranın da dəstəklədiyi Husi qrupunun lideri Əbdül-Malik əl-Husi, zərbə endiriləcəyi təqdirdə cavab verəcəklərini deyib:

"Amerikanın istənilən hücumu cavabsız qalmayacaq. Cavab 20 pilotsuz təyyarə və bir neçə raketdən istifadə edilən hücumdan daha böyük olacaq".


Onun sözlərinə görə, husilər İsraillə əlaqəli gəmilərə hücum etməkdə qərarlıdırlar.
 

Qeyd edək ki, The Times qəzetinin jurnalisti Stiven Svinford X platformasında ABŞ və Böyük Britaniyanın yaxın vaxtlarda Yəməndə husilərin hərbi obyektlərinə zərbələr endirəcəyini yazıb. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Yəməndəki hərbi əməliyyatla bağlı çıxış etməyə hazırlaşır.

 

“The Times” qəzetinin xəbərinə görə, Britaniyanın baş naziri Rişi Sunak artıq Yəməndəki husilərin hərbi mövqelərinə hava zərbələri endirməyə icazə verib.


Böyük Britaniyanın tezliklə missiyanı yerinə yetirmək üçün ABŞ və digər müttəfiqlərinə qoşulacağı gözlənilir. Husilərin hücumları Avropa və Asiya arasında əsas marşrutda beynəlxalq ticarəti ciddi şəkildə pozub.

Qeyd edək ki, Qırmızı dənizdəki gəmilər mütəmadi olaraq İranın dəstəklədiyi Husi üsyançı qruplaşması tərəfindən təqib edilir və hücuma məruz qalır. Üsyançılar deyirlər ki, onların hücumları İsrailə və ya İsraildən gedən bütün gəmiləri hədəf alır.


Bu həftənin əvvəlində Yəmən husiləri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulan 21 raket və pilotsuz təyyarə atıb. Bunu ABŞ Mərkəzi Komandanlığı da təsdiqləyib. Belə ki, çərşənbə axşamı saat 21:15 radələrində Yəməndə 18 hücum dronundan istifadə edilib. Raketlərə bir gəmi əleyhinə ballistik raket və iki gəmi əleyhinə qanadlı raket daxildir. Açıqlamada deyilir ki, Qırmızı dənizin cənubundakı hücum onlarla ticarət gəmisinin üzdüyü beynəlxalq gəmi zolaqlarını hədəf alıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR