“Putin Paşinyanı rahat buraxmayacaq” - Politoloq

“Putin Paşinyanı rahat buraxmayacaq” - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya səfər edəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Bildirilib ki, Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək.

 

Maraqlıdır, son zamanlar Rusiya-Ermənistan arasında yaranan gərginlik fonunda Paşinyan Putinlə görüşəcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Paşinyan bir müddətdir, Rusiya ilə birbaşa təmasdan çəkinir:

 

“Amma bunun da bir sonu olmalıdır. Yəqin ki, dekabrda Sankt-Peterburqa edilən səfər həm də Ermənistan Baş nazirinin Putinlə görüşünə  şərait yaradacaq. İnanmıram ki, Putin Paşinyanı rahat buraxsın. Yəni, böyük ehtimalla Paşinyan rusiyalı həmkarı ilə təkbətək görüşməli olacaq. Bəzi məsələlər də elə orada müzakirə ediləcək. Çünki Nikolun son vaxtlar Ermənistan daxilində etdikləri Putinin xoşuna gəlmir”.

 

Müsahibimiz bildirib ki, ümumiyyətlə, Paşinyanın Rusiya gedib-getməyəcəyi də sual altındadır:

 

“Paşinyan son anda səfərdən imtina edə  və ya Ermənistanı tədbirdə təmsil etmək üçün ora başqa vəzifəli şəxsi göndərə bilər. Bu ehtimal da mümkündür. Lakin gedəcəyi halda, bağlı qapılar arxasında Putinlə söhbət etməsi gözləniləndir. Rusiya prezidenti mütləq Paşinyanın çıxardığı oyunları, yaratdığı vəziyyəti sorğulayacaq. Ermənistan Baş nazirinin cavabı nə olacaq, bilmirəm. Amma hər halda, MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində Paşinyandan nələrsə soruşulacaq və ya tələb ediləcək. O, Putinlə görüşündə Qərbə arxalanaraq bəzi məsələlərin üzərinə gedə bilər, amma bu, nəticə verməyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR