Corc Floydu öldürən polis bıçaqlandı - Durumu ağırdır + FOTO

Corc Floydu öldürən polis bıçaqlandı - Durumu ağırdır + FOTO

ABŞ-də qaradərili Corc Floydun qətlində təqsirli bilinən keçmiş polis zabiti Derek Şovin Arizona ştatında federal həbsxanada bıçaqlanıb. 

 

Sfera.az xəbər verir ki, Arizona həbsxanasında baş verən hadisənin təfərrüatları barədə anonim mənbə məlumat verib. Mənbənin sözlərinə görə, məhbus Şovin əslində Tukson həbsxanasında bıçaqlanıb. Həbsxana rəhbərliyi hadisəni rəsmən təsdiqləyib və yaralının həkimə aparıldığını bildirməklə kifayətləniblər.


Qərb mətbuatı Şovinin bıçaq zərbələrindən öldüyü barədə məlumatlar dərc edib. Lakin Minnesota Baş Prokurorluğunun nümayəndəsi Brayan Evans onun hələ sağ olduğunu bildirib.

 

Şovinin vəkili Qreqori M.Eriksonun sözlərinə görə, yaxınlarına hələ də məhbusun taleyi ilə bağlı dəqiq məlumat verilməyib. Ailəsi həbsxana rəhbərliyinin onlara məhəl qoymamasından şikayətlənir. Ona görə də yaralının vəziyyətinin necə olduğu, sağ qalıb-qalmadığı hələlik məlum deyil. 

 

Qeyd edək ki, Şovin qaradərili Corc Floydun qətlinə görə 2020-ci ilin mayında 22,5 il həbs cəzası alıb. Floyd saxta puldan istifadə etməkdə şübhəli bilinib. Polis onu küçənin ortasında tutmağa çalışıb. Bu zaman polis məmuru Şovin dizi ilə C.Floydun boyun nahiyəsini sıxıb və onu asfalta çırpıb. Bir müddət sonra Corc Floyd ölüb. Hadisəni yoldan keçənlər videoya çəkib.

 

Bundan sonra ABŞ-də iğtişaşlar başlayıb. Etirazçılar Amerika vətəndaşlarının müəyyən kateqoriyalarına qarşı hüquq-mühafizə orqanlarının zorakılığına qarşı çıxıblar. Şovin işdən uzaqlaşdırılıb, araşdırma başlayıb və sonda ona hökm oxunub. Məhkəmə zamanı onun vəkilləri Floydun ölümünün qəza olduğunu və ABŞ polisinin xüsusi təlimi nəticəsində baş verdiyini iddia ediblər. Mərhumun ailəsi cəzadan narazı qaldıqlarını bildiriblər.

 

Aynil Camal

 


OXŞAR XƏBƏRLƏR