Dublində insanlara hücum - Uşaqları xilas edən qadın qəhrəman elan edildi

Dublində insanlara hücum - Uşaqları xilas edən qadın qəhrəman elan edildi

İrlandiya paytaxtının mərkəzində 50 yaşlı kişi insanlara hücum edib. 3-ü uşaq olmaqla, 5 nəfər xəsarət alıb. Beş yaşlı qız reanimasiyadadır, daha bir uşağın isə xəsarətləri qismən yüngüldür.

 

Sfera.az bildirir ki, Dublin sakinləri hücumçunu dayandırmağa çalışan qadını qəhrəman elan ediblər. Zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Siobhan Kearney yolu qarşıya keçərkən dəhşətli hadisənin şahidi olub. Digər hadisə şahidləri Siobhanın cəsarətinin inanılmaz olduğunu bildiriblər.

 

Siobhanın sözlərinə görə, yoldan keçərkən uşaqların yanında bıçaq yelləyən kişi görüb. "Dərhal, düşünmədən kömək üçün yolun o biri tərəfinə keçdim. Yanımda başqa bir gənc də var idi, onu tərksilah etdi. Başqa biri bıçağı götürüb kənara atdı”.

 

Qadının sözlərinə görə, hücum edənin ətrafında yoldan keçənlərdən ibarət dairə yaradıb, onu saxlamağa çalışıblar. İrlandiya polisi (Qarda) baş verən hücumla bağlı araşdırılma aparıldığını bildirib.

 

Dublində etirazlar

 

Hadisədən sonra gün ərzində Dublin küçələrində etirazlar başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup gəncin polislərlə toqquşması, polis maşınının yanması əks olunub. Etirazçılardan birinin əlində “İrlandiyalıların həyatı önəmlidir” plakatı görünür. Digər etirazçılar miqrantlar əleyhinə şüarlar səsləndirərək, yeni gələnlərin ölkədən çıxarılmasını tələb ediblər.

 

Polis isə bu "rüsvayçı səhnəni" qınayaraq, günahın "sağçı ideologiyanın idarə etdiyi bir qrup çılğın xuliqan"da olduğunu bildirib. "Biz insanları məsuliyyətli davranmağa, sosial şəbəkələrdə yayılan dezinformasiyalara əhəmiyyət verməməyə çağırırıq.”

 

Polis şübhəli şəxsi həbs etsə də, onun etnik mənsubiyyəti barədə məlumat verilmir.

 

Qeyd edək ki, İrlandiya polisi həmçinin hadisəni terror hücumu hesab etmədiyini bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR