Lukaşenko Paşinyana zəng etdi, “yox” cavabı aldı - TƏFƏRRÜAT

Lukaşenko Paşinyana zəng etdi, “yox” cavabı aldı - TƏFƏRRÜAT

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən iclasında iştirak etməkdən imtina edib.

 

Sfera.az “TASS”a istinadən bildirir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub. O, həmkarını Minskə dəvət etsə də, Nikol toplantıya qatılmayacağını deyib. Agentlik xatırladıb ki, Paşinyan KTMT-ni 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycanla qarşıdurma zamanı ölkəsinə kömək etməməkdə ittiham edib.

 

“Hətta Nikol KTMT-dən İrəvana yardım məsələsini gündəmdən çıxarmağı xahiş edib və bu istəyini birbaşa Lukaşenkoya deyib. Üstəlik, Ermənistanın Xarici işlər və Müdafiə nazirləri sammit öncəsi KTMT tədbirlərindən yayınıblar. Ermənistan parlamentinin sədri Alen Simonyan da dekabrda keçiriləcək KTMT Parlament Assambleyasının iclasında iştirak etməyəcəyini söyləyib. Bundan əvvəl isə Ermənistan təşkilatdakı səfirini geri çağırıb”.

Xarici analitiklərin fikrincə, sözügedən proses Rusiya və Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhrana səbəb ola bilər.

 

Kremlin mətbuat xidmətinin məlumatına görə isə iclasın gündəliyinə KTMT çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər, həmçinin beynəlxalq və regional problemlər daxil edilib.

 

Qeyd edək ki,  KTMT-nin əvvəlki sammiti ötən il İrəvanda keçirilib. 2024-cü ildə isə sədrlik Qazaxıstana keçəcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR