“Ermənistan “qırmızı xətti” keçir” – Rusiyanın aparıcı nəşri

“Ermənistan “qırmızı xətti” keçir” – Rusiyanın aparıcı nəşri

Ermənistan və Qazaxıstanın Ukraynaya silah tədarük etməsi barədə yayılan xəbərlər Moskvanın qəzəbinə səbəb olub.

 

Sfera.az bildirir ki, “Pravda” nəşri bununla bağlı yazı dərc edib. Qeyd olunub ki, söhbət “Toçka-U” buraxılış sistemləri, eləcə də hava hücumundan müdafiə sistemlərindən gedir.

 

Nəşrin iddiasına görə, oktyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidentinin aparat rəhbəri Andrey Ermak arasında keçirilən görüşdə “Toçka-U” sistemlərinin ötürülməsi ilə bağlı razılaşma əldə olunub. Lakin dünən Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib.

 

“Digər tərəfdən, dünən  Ermənistanın müdafiə naziri Suren Papikyan Qazaxıstanla “Smerç”, “Solntsepek” və “Naiza MLRS” sistemlərinin, eləcə də “Semser” özüyeriyən artilleriya qurğusunun Ermənistan silahlı qüvvələrinə təhvil verilməsinə dair sazişin imzalandığını bəyan edib. Sövdələşmənin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq üçün yeni perspektivlər açdığı bildirilib. Amma bu, digər KTMT üzvü olan ölkələrin və ya geostrateji tərəfdaşların müəyyən reaksiyalarına səbəb ola bilər”.

 

“Pravda” materialda həmçinin, Paşinyanın ölkəsinin onu silahla təmin edəcək yeni tərəfdaşlar axtarışında olduğu ilə bağlı açıqlamasını da xatırladıb. “Nikolun sözlərinə görə, Ermənistan hazırda silah və hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr bağlamağa çalışır.  Onlar artıq Fransa və Hindistandan silah alışı qurub. Oktyabrın 23-də İrəvan Parislə “GM 200” zenit-radar sisteminin alınmasına dair müqavilə və "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü üçün anlaşma memorandumu imzalayıb. Rusiya isə Ermənistanın yeni hərbi tərəfdaşlarına fərqli yanaşır. Moskva Hindistan silahlarına əhəmiyyət verməsə də,  NATO üzvü olan Fransadan silah alışına qəzəblənir”.

 

Nəşr bildirib ki, Ermənistan Rusiya Federasiyası ilə hərbi ittifaqdan çıxmaq yolunda qətiyyətlə irəliləyir: “KTMT-də əməkdaşlığın dondurulması ona NATO ölkələrindən kütləvi şəkildə silah almağa imkan verdi. Lakin bu, hələ Rusiya Federasiyası ilə münasibətlərdə “qırmızı xətti” keçmir. Bu “qırmızı xətt” Rusiya silahlarının, o cümlədən Qazaxıstandan alınan silahların Ukraynaya yenidən satılmasıdır. Bütün bunlar Ermənistanın NATO-ya inteqrasiyası üçün şərtlər ola bilər. Çünki Ermənistanın təhlükəsizliyini Rusiya əvəzinə, alyansın təmin etmə ehtimalı dəyərləndirilir. Buna baxmayaraq, təqdim olunan xəbərlər güman ki, saxtadır. Yenə də onların reallığa çevrilməsi mümkündür”.

 

“Pravda” son olaraq, Qazaxıstanla bağlı məsələyə toxunub: “Qazaxıstana gəlincə, o, həm də NATO ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ümumiyyətlə, Ermənistan və Qazaxıstanı Rusiya ilə qarşıdurmaya sövq etmək kimə sərf edir? Cavab bəllidir - Qərbə”.

 

Günay


OXŞAR XƏBƏRLƏR