Klonunun yaradılması üçün öz DNT-sini Aya göndərəcək

Klonunun yaradılması üçün öz DNT-sini Aya göndərəcək

ABŞ-da yadplanetlilər pərəstişkarı olan 86 yaşlı professor Kennet Om yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə canlı DNT-ni Aya göndərəcək. O, kifayət qədər qeyri-adi plan hazırlayıb.
 

Sfera.az bildirir ki, fizik ölümdən sonra yaşamaq üçün qəribə bir yol tapıb. Kennet Om yadplanetlilərin onu klonlaya biləcəyini düşünür.
 

Amerikalı fizik Ayın cənub qütbünə canlı DNT göndərmək istəyir. O, bəzi yad canlı növlərin onu götürəcəyinə ümid edir. Kennet Om ABŞ kosmik şirkəti “Celestis” vasitəsilə nümunə göndərməyi planlaşdırır.
 

Zarafatla gələcəkdə "kainata səpələnmiş minlərlə Kenn Om sürüsü" görmək istədiyini deyən fizik, belə bir perspektivin mümkün olmadığını da etiraf edib.


KİV isə qeyd edir ki, Omun ideyası qeyri-adi görünsə də, bu, insanın özünün bir parçasını kosmosda saxlamaq üçün ilk cəhd deyil. Bundan əvvəl digərləri də kremasiya edilmiş qalıqları orbitə səpmək üçün göndəriblər.
 

1994-cü ildən bəri “Celestis” 17 belə xatirə kosmos uçuşu həyata keçirərək, “Star Trek”in yaradıcısı Cin Roddenberri və fizik Cerard O'Nil kimi məşhur insanların qalıqlarını kosmosa göndərib. Bu ənənəni davam etdirmək istəyənlər də kifayət qədər çoxdur.


Məsələn, yanğınsöndürən Daniel Konlisk xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşının istəyinə uyğun olaraq qeyri-adi dəfn üsulunu seçdiyini bildirib.


“Celestis”in növbəti missiyası olan "Sakinlik Memorialı" kosmik uçuşunun rəsmi buraxılış tarixi isə hələ təyin edilməyib və rezervasiyalar hazırda bağlıdır. Şirkət nümayəndələrinin sözlərinə görə, mərhumların əbədi xatirəsi kimi Ayın səthində yandırılmış qalıqlar və DNT-dən ibarət xatirə kapsulları qalacaq. Kosmosda dəfnin qiyməti isə təxminən 2500 ABŞ dollarıdır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR