“Ukrayna Qərblə Rusiya arasında ikiyə bölünə bilər” – Təhlükəli ssenari
ABŞ və Avropa İttifaqının nümayəndələri Ukraynada sülh imkanlarını müzakirə etməyə başlayıblar. Bu barədə “Nbc news” məlumat yayıb.
Müzakirələr zamanı Kiyevin nələrdən imtina etməsi ilə bağlı fikir mübadiləsi aparıldığı iddia edilib. Nəşrin yazdığına görə, buna səbəb Ukraynaya yardımın davam etdirilməsi barədə şübhələrdir. ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Ukraynadakı müharibəyə ictimai diqqətin azalmasından narahatdır:
“Sülhlə bağlı aktiv danışıqlara ehtiyac var. Amma bu, ilin sonuna qədər çəkə və ya daha çox vaxt ala bilər”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, davam edən müharibənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir:
“Amma döyüşlərin təxminən birinci ilindən sonra bir çox ekspertin iddia etdiyi əsas ssenari Ukraynanın Rusiya ilə Qərb arasında parçalanmasıdır. Bir çoxu düşünür ki, Rusiya ilə Qərb arasında gizli razılaşma var. Əslində bu ehtimal getdikcə artır. Digər tərəfdən, Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ-nin, həqiqətən, çətin vəziyyətə düşməsi də mümkündür”.
Ekspert bildirib ki, iki cəbhədə mübarizə aparmaq Qərb üçün çətindir:
“Bu, Rusiyanın geosiyasi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Hərçənd bu, o qədər də inandırıcı görünmür. Əlbəttə, bu cür iddiaların, sadəcə, informasiya müharibəsinin bir hissəsi olması mümkündür. Amma görünən odur ki, əsl sürpriz hələ qarşıdadır”.
Günay