2030-cu ilə qədər bu fəlakətlər BAŞ VERƏCƏK – Ən çox zərər görəcək ölkələr isə…
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2030-cu ilə qədər dünyada 560 orta və böyük miqyaslı təbii fəlakətin baş verəcəyini və "erkən xəbərdarlıq sistemlərinin" iqlim dəyişikliyinə qarşı həyati təsir göstərəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) Baş katibi Petteri Taalas Ümumdünya Meteorologiya Təşkilatı və bir çox digər beynəlxalq təşkilatların töhfələri ilə hazırlanan “Sağlamlıq üçün İqlim Xidmətlərinin Durumu 2023” adlı hesabatı paylaşıb.
Hesabata görə, 2030-cu ilə qədər dünya üzrə 560 orta və irimiqyaslı təbii fəlakətin olacağı proqnozlaşdırılır ki, bu da gündə orta hesabla 1,5 hadisəyə bərabərdir.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) belə qənaətə gəlib ki, gələcəkdə daha intensiv və tez-tez baş verən həddindən artıq istilər, qasırğalar, tufanlar, daşqınlar, quraqlıqlar və meşə yanğınları səbəbindən xəstəliklər artacaq, 2050-ci ilə qədər iqlim dəyişikliyindən ölüm hallarının 50 faizindən çoxu Afrika ölkələrində olacaq.
2019-cu ildə havanın çirklənməsi qlobal miqyasda ölüm üçün aparıcı risk faktorları sıralamasında beşinci yerdən dördüncü yerə yüksəlib. Bu siyahıda piylənmə, ürək-damar xəstəlikləri və qidalanma kimi xroniki xəstəliklər olan digər risk faktorlarının da təsiri artıb.
İsti dalğalar hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur və havanın çirklənməsini artırır.
2000-2019-cu illər arasında həddindən artıq istilər səbəbindən təxminən 489 min insanın öldüyü təxmin edilsə də, bu ölümlərin 45 faizi Asiyada, 36 faizi isə Avropada baş verib.
2022-ci ilin yayında həddindən artıq istilərin 35 Avropa ölkəsində 60 mindən çox insanın ölümünə səbəb olduğu təxmin edilir.
"Bu il demək olar ki, bütün dünya istilik dalğaları yaşadı. 2023-cü ildə “El Nino” hava hadisələrinin başlaması temperatur rekordlarının daha da qırılması ehtimalını xeyli artıracaq. Bu, dünyanın bir çox yerlərində daha çox istiləşməyə səbəb olacaq və problemi daha da böyüdəcək”,- deyə Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Taalas deyib.
İqlim dəyişikliyi ilə mübarizədə sərmayə və əməkdaşlığın artırılmasının vacibliyinə toxunan Taalas iqlim elmi və xidmətlərinin təsirini artıraraq bu mövzuda daha sürətli hərəkət etmək üçün böyük potensialın olduğunu qeyd edib.
Firuzə Əliyeva