Elektromobil bazarında Çinlə rəqabət çətinləşir - “Mercedes-Benz” şirkəti narazıdır
Almaniyanın “Mercedes-Benz” şirkəti elektrikli avtomobil bazarının istehsalçılar üçün "qəddar" olduğunu bildirib.
Sfera.az “The Guardian”a istinadən xəbər verir ki, alman şirkətini bazarda daha çox paya sahib olmaq üçün aparılan güclü qiymət rəqabəti narahat edir. Şirkət bazar payını itirməmək üçün qiymətləri davamlı endirdiklərini bildirib.
Elektrikli avtomobillərin satışı Avropada və Çində artmaqdadır. ABŞ isə çox geridədir. Avropa və ABŞ şirkətləri Çindən gələn ucuz modellərlə rəqabət aparmaqda çətinlik çəkir.
“Mercedes-Benz”in baş maliyyə direktoru Harald Vilhem qeyd edib ki, bu səbəbdən alman avtomobil istehsalçısının mənfəəti azalıb.
Vilhem, bəzi istehsalçıların yüksək istehsal xərclərinə baxmayaraq, elektrikli nəqliyyat vasitələrinin benzin variantlarına nisbətən qiymətlərinin çox fərqlənmədiyini söyləyib.
Qeyd edək ki, Avropalı avtomobil istehsalçılarına çətinliyi yaradan əsas səbəb Çində hökumətin elektrikli avtomobil istehsalçılarına böyük subsidiyalar verməsidir. Çin istehsalçıları heç vaxt Avropaya və ya ABŞ-yə çoxlu sayda benzin və dizel avtomobilləri ixrac edə bilməmişdi. Lakin indi Çinin BYD, “Nio”, “Xpeng” və MG kimi markalarına sahib olan şirkətləri Avropadakı ənənəvi avtomobil istehsalçılarını sıxışdıraraq bazar payını artırırlar.
Vasif