Paşinyan Gürcüstanı oyuna çəkə biləcəkmi? - AÇIQLAMA
Ermənistan Baş naziri Nikol Paşinyan IV Tbilisi İpək Yolu Beynəlxalq Forumunda iştirak üçün Gürcüstana gedir. O, səfər çərçivəsində İrakli Qaribaşvili ilə də görüşəcək.
Maraqlıdır, "3+3" formatından sonra tərəflər arasında hansı məsələlər müzakirə mövzusu ola bilər? Uzun müddətdir, aktual olan Abxaziyadan Ermənisatana çəkiləcək dəmiryolu mövzusuna da toxunula bilərmi ?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli Ermənistanın "3+3" formatından qaçmaq niyyətində olduğunu deyib:
"3+3" formatında Gürcüstanın iştirak etməməsinin əsaslandırması Rusiya ilə bağlı oldu. Ermənistanın indiki mövqeyində isə Gürcüstanla iş birliyinə getməsi ilə bağlı ipucları var. Dünən Nikol Paşinyan "Walll Street" jurnalına açıqlamasında ilk dəfə prinsipal olaraq bildirdi ki, Rusiyanı hərbi müttəfiq kimi qəbul etmirlər. Paşinyan qeyd etdi ki, onlar Rusiyanın hərbi bazalarının ərazilərdən çıxarılmaları ilə bağlı düşünürlər. Hətta Azərbaycana qarşı Kanada tərəfindən sanksiyanın gündəmə gəlməsinə də dəstək ifadə olundu. Bu proses göstərir ki, Ermənistan "3+3" formatında Gürcüstanın mərkəzdənqaçma mövqeyinə şərik çıxmaq niyyətindədir. Yəni Ermənistan da bu formatdan qaçmaq niyyətindədir. Şübhə yoxdur ki, burada da əsas arqument Rusiyadır".
Ekspert Paşinyanın Gürcüstanı öz oyununa çəkə bilməyəcəyini də vurğulayıb:
"Abxaziyadan Ermənistana dəmiryolu çəkilməsi məsələsi 10 ildir ki, müzakirə olunur. Həmin dəmiryolunun Rusiya ərazisindən keçməsi detalı da var. 10 noyabr razılaşması kimi Azərbaycan dəmiryolları şəbəkəsindən Ermənistanın Rusiya dəmiryol şəbəkəsinə qoşulması nəzərdə tutulurdu. Belə görünür ki, yenidən bu məsələyə qayıtmaq mümkün olacaq. Abxaziya Rusiyanın kontrolunda olan separatçı bölgədir. Ermənistan bu istiqamətdə dəmiryolunun çəkilməsi ilə bağlı müzakirə açarsa, indiki demokratik obrazına şübhə yaradacaq. Bu, real görünmür. Lakin çox önəmli bir xüsus da var. Azərbaycanın Qarabağ problemini həll etməsi president doğurub. Məncə, Ermənistanın Gürcüstanı dağıdıcı oyuna çəkmək planı boşa çıxmış olacaq".
Əzizə Zeynal