İsrail ABŞ-dən 10 milyard dollar istəyib – Yaxın Şərqdə münaqişə genişlənir
Oktyabrın əvvəlində hərbi əməliyyatlara başlayan İsrailə ABŞ-dən gələn yardımlar artır.
Sfera.az xəbər verir ki, iki gün əvvəl Ağ Ev Konqresə təqdim etdiyi layihədə İsrail və Ukraynaya ümumilikdə 2 milyard dollar yardımın edilməsini təklif edib.
“The New York Times”ın əldə etdiyi məlumata görə isə İsrail ABŞ-dən yardımın məbləğinin bir neçə dəfə artırılmasını istəyib. Yəhudi dövləti indiki mərhələdə yardımın təcili olaraq 10 milyard dollara çatdırılmasını xahiş edib.
Bir müddət öncə senatda demokratların lideri Çak Şumer bildirmişdi ki, İsrail hədəfi dəqiq vuran mərmilər, “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün raketlər, 155 mm-lik artilleriya döyüş sursatları, dəqiq bombalar və digər sursatlar istəyir.
“The New York Times”ın şərhinə görə, İsrailin daha böyük yardım istəməsi hərbi əməliyyatların miqyasının genişlənməsi ilə bağlıdır. Qəzet regiona ABŞ və Böyük Britaniyaya məxsus hərbi gəmilərin yaxınlaşmasını, bu ölkələrin əsgəri qüvvə və döyüş təyyarələri cəlb etməsini də bununla əlaqələndirib.
“The New York Times” İsrailin istədiyi yardımın birbaşa və ya dolayı şəkildə göstəriləcəyini güman edir.
Vasif