Daşkənddə güclü partlayış - Hava limanının gömrük anbarında yanğın oldu
Sentyabrın 28-nə keçən gecə Özbəkistanın paytaxtı Daşkənddə güclü partlayış baş verib və yanğın başlayıb.
Sfera.az bildirir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, paytaxtda baş verən partlayışa səbəb “güclü ildırım” olub. Partlayış o qədər güclü olub ki, anbardan demək olar ki, əsər-əlamət qalmayıb.
Partlayış Yenixeti rayonunun sənaye zonasında anbarlarda baş verib. Yerli sakinlər partlayış dalğasının hadisə yerindən 30 kilometr aralıda hiss olunduğunu bildiriblər.
Daha sonra ictimaiyyət arasında partlayışın hava limanının gömrük anbarında baş verdiyini və partlayış anında çoxlu adam olduğu məlumatları dolaşıb. Teleqram kanallarından birinin məlumatına görə, partlayışın mümkün səbəbi anbarda saxlanılan elektromobillər üçün akkumulyatorlar olub.
"Partlayış o qədər güclü olub ki, anbarın özündən demək olar ki, heç nə qalmayıb. Hazırda təcili tibbi yardım xidmətləri zərərçəkənləri episentrdən çıxararaq xəstəxanalara aparır"- deyə kanalın müəllifləri qeyd ediblər.
Telegram kanalı yaxınlıqdakı evlərin pəncərələrinin sındırıldığını, hətta divarların uçduğunu bildirib. Şəhərdəki demək olar ki, bütün təcili yardım briqadaları partlayış yerinə göndərilib.
Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, partlayış Daşkəndin Sergeli rayonunun Stroiteley mikrorayonunda “İnter Logistik” MMC-yə məxsus anbarda baş verib. Departamentdən verilən ilkin məlumata görə, səbəb güclü ildırım olub.
"Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xüsusi laboratoriyası işləyir. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə qərargah yaradılıb" - deyə idarədən bildirilib.
Aysel
Sfera.az