Şoyqunun son görüşləri Qərbi QICIQLANDIRIR: “Təzyiqlər artacaq”
Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb. Tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və Qərbə qarşı birgə mübarizəni müzakirə ediblər. Şoyqu bildirib ki, Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çatır.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tehranla Moskva arasında geosiyasi anlamda müəyyən ziddiyyətlər olsa da, hər iki tərəf indi bir-birini dəstəkləməyə məcburdur:
“Proseslər onu deməyə əsas verir ki, tərəflər arasında əməkdaşlıq bundan sonra da güclənəcək. Bu, hazırda sivil dünyadan təcrid olunan həm İrana, həm də Rusiyaya sərf edir. Ən azından ona görə ki, müttəfiqsiz qalmırlar. Qərbin İran və Rusiyaya qarşı təzyiqlərinin artacağı da gözləniləndir”.
Müsahibimiz qeyd edib ki, gələcəkdə iki dövlət arasında müdafiə sahəsində əməkdaşlıq əldə olunacaq: “Hazırda dünyada sürətli qütbləşmə gedir. Bunun fonunda dünya dövlətləri öz tərəflərini seçirlər”.
Günay