Təyyarə pis hava şəraitinə görə qəzaya uğradı - Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub

Təyyarə pis hava şəraitinə görə qəzaya uğradı - Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub

Braziliyada sentyabrın 16-da ikimühərrikli EMB-110 təyyarəsi pis hava şəraiti zamanı qəzaya uğrayıb.

 

Sfera.az bildirir ki, təyyarə qəzası nəticəsində 14 nəfər həlak olub.

 

Rəsmilər təyyarənin balıqçılıq həvəskarı olan bir iş adamı tərəfindən icarəyə götürüldüyünü bildiriblər. Sərnişinlər isə onun ölkənin başqa yerlərindən gələn dostları olub.

 

Kiçik təyyarə Amazonas əyalətinin paytaxtı Manaus ilə ucqar cəngəllik şəhəri Barselos arasında 400 kilometrlik uçuşunun sonuna yaxınlaşarkən qəzaya uğrayıb.

 

Qəza nəticəsində təyyarədə olan hər kəs - 12 sərnişin və iki ekipaj üzvü həlak olub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

Amazonas ştatının təhlükəsizlik naziri Vinisius Almeyda bildirib ki, ilkin məlumata görə, təyyarə uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. Bu zaman leysan yağış yağıb və görmə qabiliyyəti zəifləyib.

 

EMB-110 ikimühərrikli turbovintli təyyarə Braziliyanın təyyarə istehsalçısı Embraer tərəfindən istehsal edilib.

 

Amazonas qubernatoru Uilson Lima qəzadan sonra deyib: "Komandalarımız qəzadan sonra lazımi dəstəyi vermək üçün hadisə yerindədir. Qurbanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm, dərdlərinə şərikəm".

 

Rəsmilər qurbanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün Manausa aparılacağını bildiriblər.

 

Qeyd edək ki, Barcelos bir neçə milli parkın yaxınlığında yerləşdiyi üçün məşhur turizm məkanıdır.

 

Sentyabr Amazonasda pik balıq ovu mövsümünün başlanğıcı hesab olunur. Ştat xüsusilə tovuz quşu kimi tanınan tucunare və müxtəlif bəzək balıqları ilə məşhurdur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR