Putinlə Kim Çen İnin gözlənilən görüşü - DETALLAR BƏLLİ OLDU
Şimali Koreyanın rəhbəri Kin Çen In sentyabrda Rusiyaya səfər edəcək.
Sfera.az bildirir ki, bu barədə “The New-York Times” qəzeti ABŞ məmurlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, Ukrayna savaşında istifadə edilməsi üçün Kremlə silah tədarükü imkanları əsas müzakirə mövzusu olacaq.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi gözlənilən görüşün təfərrüatlarının hələ də aydın olmadığını bildirib. Lakin o əlavə edib ki, görüş Rusiyanın liman şəhəri Vladivostokda baş tutacaq. “Paytaxt Pxenyanı nadir hallarda tərk edən Kim Çen İnin Rusiyanın Sakit okean sahillərinə zirehli qatarla getməsi gözlənilir. Şərq İqtisadi Forumunun sentyabrın 10-dan 13-dək Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilməsi planlaşdırılır. Hər iki lider də burada iştirak edəcək”, deyə nəşr vurğulayıb.
Rəsmilər həmçinin, “New York Times”a bildiriblər ki, Putin Şimali Koreyanın artilleriya mərmiləri və tank əleyhinə raketlərini təmin etməkdə maraqlıdır. Digər tərəfdən, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uatson Rusiya müdafiə naziri Sergey Şoyqunun bu yaxınlarda baş tutan Şimali Koreya səfərini xatırladıb:
“Bizdə Kim Çen İnin bu müzakirələri davam etdirəcəyi, Rusiyada liderlər səviyyəsində diplomatik əlaqələrin olacağı ilə bağlı məlumatlar var. Ona görə də Şimali Koreyanı Rusiya ilə silah danışıqlarını dayandırmağa və onlara silah verməmək və ya satmamaq üçün üzərinə götürdüyü ictimai öhdəliklərə əməl etməyə çağırırıq”.
Qeyd edək ki, ötən günlərdə rəsmi Vaşinqton Şoyqunun səfərindən sonra Putin və Kim arasında məktub mübadiləsinə dair kəşfiyyat məlumatının olduğunu açıqlamışdı. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi ABŞ-nin iki ölkə arasında silah danışıqlarının fəal şəkildə irəliləməsindən narahat olduğunu bildirmişdi.
Günay Rəsulqızı