98 yaşlı keçmiş nasist, həbs düşərgəsinin mühafizəçisi mühakimə olunacaq
Almaniyada Zaksenhauzen həbs düşərgəsinin 98 yaşlı keçmiş mühafizəçisi ittiham olunub. Bu barədə Almaniya hakimiyyət orqanlarına istinadən xəbər verilib.
Sfera.az bildirir ki, Zaksenhauzen düşərgəsinin keçmiş mühafizəçisi minlərlə məhbusun qətlinə köməklik etməkdə ittiham olunur. İddia edilən cinayətlər zamanı o, azyaşlı olub.
Gissen şəhər prokurorunun sözlərinə görə, təqsirləndirilən şəxs 1943-1945-ci illərdə Zaksenhauzendə işləyib. Bildirilir ki, o, azyaşlı olarkən minlərlə məhbusun vəhşicəsinə və məkrli qətlində iştirak edib.
Məhkəmə iclasının yetkinlik yaşına çatmayanların işləri ilə bağlı qanunvericiliyə uyğun olaraq Hanau şəhərində baş tutacağı gözlənilir. Təqsirləndirilən şəxsin adı açıqlanmır.
Jurnalistlərin qeyd etdiyi kimi, 2022-ci ildə Almaniyada daha bir Zaksenhauzen mühafizəçisi də məhkum edilib. Məhkəmə 101 yaşlı qocanın Holokost zamanı 3518 nəfərin qətlində şərik olduğunu müəyyən edib.
Qeyd edək ki, Zaksenhauzen həbs düşərgəsi məhbuslar tərəfindən tikilib və 1936-cı ildə açılıb. Zaksenhauzendən 200 minə yaxın insanın keçdiyi, məhbusların təxminən yarısının orada öldüyü güman edilir.
Xatırladaq ki, aprelin 27-də ən yaşlı nasist cinayətkarının ölümü məlum olub. Zaksenhauzen həbs düşərgəsinin keçmiş mühafizəçisi Josef Schutz 102 yaşında vəfat edib. Keçən iyun ayında o, 1942-ci ildən 1945-ci ilə qədər 3518 əsir düşərgəsinin qətlində şərik olmaqda təqsirli bilinib.
Aynil
Sfera.az