ABŞ-dən Şimali Koreyaya SƏRT XƏBƏRDARLIQ: “Danışıqları dərhal dayandırın!”
“Şimali Koreya və Rusiya silah mübadiləsi ilə bağlı fəal şəkildə danışıqlar aparır”.
Sfera.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kibri deyib. O, çıxışı zamanı Vaşinqtonun bu istiqamətdə yeni bilgilərə sahib olduğunu vurğulayıb:
“Yaxın aylarda yüksək səviyyəli danışıqlar davam edə bilər. Rusiyanın Ukrayna savaşında istifadə etməsi üçün sözügedən ölkədən əhəmiyyətli miqdarda və müxtəlif növ sursat alması mümkündür”.
Şimali Koreyanın daha əvvəl Rusiyaya silah satmayacağı barədə bəyanatının olduğunu xatırladan Kirbi fikirlərini bu cür davam etdirib:
“Biz Şimali Koreyanın Rusiyaya dəstək verməyə davam etməsindən narahatıq. Əldə etdiyimiz məlumatlar göstərir ki, Şoyqunun səfərindən sonra Rusiya rəsmilərindən ibarət başqa bir qrup də mümkün silah müqavilələri ilə bağlı danışıqlara görə Pxenyana gedib. Buna baxmayaraq, Vaşinqton Rusiyanın Ukraynada istifadə üçün Şimali Koreya da daxil olmaqla, istənilən dövlətdən hərbi texnika almaq cəhdlərini izləməyə və ehtiyat tədbirləri görməyə davam edəcək”.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre isə Şimali Koreya ilə Rusiya arasında istənilən silah müqaviləsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulayıb:
“Şimali Koreyanı Rusiya ilə silah danışıqlarını dayandırmağa çağırırıq. Biz burada iştirak edən şəxslər və təşkilatların müəyyən edilməsi və sanksiyaların tətbiqi üçün hərəkətə keçəcəyik!”.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və rəhbərlik etdiyi nümayəndə heyəti keçən ay Şimali Koreyaya səfər edib. Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilən Şoyqunun Rusiya prezidenti Vladimir Putinin əlyazma məktubunu Kimə ötürdüyü açıqlanıb. Digər tərəfdən, Kim və Şoyqunun milli müdafiə və təhlükəsizlik, regional və beynəlxalq təhlükəsizlik sahəsində ikitərəfli mövzularda fikir mübadiləsi apardıqları və konsensus əldə etdikləri vurğulanıb.
Günay Rəsulqızı