F-16-larla bağlı MÜƏMMA - ABŞ nədən ehtiyat edir?
“Qərb F-16-ların tədarükünü mümkün qədər ləngitməyə çalışır”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O həmçinin, Rusiyanın sözügedən ABŞ qırıcıları ilə bağlı bir neçə dəfə xəbərdarlıq etdiyini də xatırladıb:
“Nəzərə almaq lazımdır ki, bu qırıcılar NATO silahlarıdır. Onların birdən-birə Ukraynada peyda olması isə müharibənin miqyasının genişlənməsi üçün ciddi səbəb ola bilər. F-16-ların Ukraynaya tədarükündən sonra ABŞ-lə Rusiya arasında birbaşa toqquşma ehtimalı böyüyür. Görünür, rəsmi Vaşinqton bundan narahatdır. Ona görə də qırıcıların tədarükü məsələsini ləngitməyə çalışırlar. ABŞ bəlkə də, Rusiyanın bir az da zəifləməsini gözləyir”.
Müsahibimiz bildirib ki, F-16-ların tədarükündən sonra proseslərin necə davam edəcəyini indidən proqnozlaşdırmaq çətindir:
“Bu, Rusiya və Ukraynanın müqavimətindən asılıdır. ABŞ-nin qırıcıların tədarükü ilə bağlı prosesi uzatması gözləniləndir. Əgər Vaşinqton uzun müddətdir, davam edən danışıqlara rəğmən, sözügedən təyyarələri NATO müttəfiqi Türkiyəyə verməyibsə, deməli, indi də ehtiyatlı davranacaq”.
Günay Rəsulqızı