Rusiyaya AĞIR ZƏRBƏ - "Krım körpüsü yenə vurulacaq"

“Krım körpüsü gələcəkdə də vurulacaq”.
Bunu Ukraynanın müdafiə naziri Oleksey Reznikov deyib. Onun sözlərinə, Ukrayna ordusu strateji əhəmiyyətli bu obyekti hədəf almaqda davam edəcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Krım körpüsünün vurulması Rusiya üçün ağır zərbədir:
“Qondarma respublika ilə Rusiya arasında əlaqə kəsilməklə yanaşı, eyni zamanda yollar bağlanır, uzun tıxaclar yaranır. Bu, Rusiya üçün həm də iqtisadi ziyandır. Hər dəfə körpünün bərpasına külli miqdarda vəsait lazım olur. Bundan başqa, körpünün vurulması psixoloji əhəmiyyətlidir. Belə ki, bu, Rusiya ordusunda inamsızlıq yaratmaqla yanaşı, eyni zamanda xüsusilə yarımadada yaşayan insanlarda Kremlə qarşı narazılıq yaradır. Onlar özlərini daha təhlükəsiz hiss edə bilmirlər. Başa düşürlər ki, oxşar hücumlar təkrarlanacaq. Nəticədə əhali Krımdan çıxır. Bu isə Ukraynanın yarımada ilə bağlı gələcək həmlələrinə şərait yaradır”.
Ekspertin sözlərinə görə, körpünün dəfələrlə vurulması həm də Ukrayna ordusunun israrından xəbər verir:
“Çox güman ki, körpüyə hücumlar bundan sonra da davam edəcək. Bu isə təkcə taktiki yox, həm də strateji məqsəddir. Şübhəsiz ki, Ukrayna bir neçə istiqamətdə işini davam etdirir. Bir çox hallarda Rusiyanın başı Krımdakı vəziyyətə qarışır və Ukrayna digər istiqamətlərdə irəliləyir”.
Günay Rəsulqızı