Türkiyə Ukrayna savaşında “oyundankənar vəziyyət”ə düşür – ŞƏRH

“Ankara Ukraynadakı müharibənin başa çatması üçün üzərinə düşəni etməyə hazırdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında deyib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar baş verən proseslər Ankaranın tədricən Moskvadan uzaqlaşdığını, Qərbə yaxınlaşdığını göstərir:
“Bu isə şübhəsiz ki, hazırkı geosiyasi reallıqların tələbidir. Etiraf etmək lazımdır ki, müharibənin ilk günlərində Ankaranın vasitəçilik imkanları daha çox idi. Amma bu resurslar getdikcə tükənir. Hazırda Türkiyənin Ukraynada sülhə nail olmaq perspektivi minimumdur. Rusiyanın "Taxıl sazişi"ndən çıxması və Ankara ilə Moskva arasında "əsən soyuq küləklər” də prosesə mənfi təsir göstərir”.
Ekspert bildirib ki, Türkiyə vasitəçilik səylərini davam etdirməklə ilk növbədə beynəlxalq ictimaiyyətə oynayır:
“Bu, rəsmi Ankaranın beynəlxalq imicinə də müsbət təsir edir. Hərçənd əminliklə demək olar ki, Türkiyənin bu səmimi səylərindən narahat olan qüvvələr də az deyil. Hazırda müharibənin və Şərqi Avropanın taleyi xeyli dərəcədə Qərbdən asılıdır. Hər şeyi Qərbin Ukraynaya dəstəyinin taleyi həll edəcək”.
Günay Rəsulqızı