Şoyqu Ukraynada kasetli bombalara əl atacaqları ilə hədələdi – “Bu cavab tədbiridir...”
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ABŞ kaset sursatları Ukraynaya tədarük edəcəksə, Rusiya ordusu da onlardan döyüş meydanında istifadə etməyə başlayacaq.
Şoyqu bu tədbiri “məcburi” və “qarşılıqlı” adlandırıb və vurğulayıb ki, hazırda Rusiya kasetli sursatların mülki əhali üçün nə qədər təhlükə törətdiyini başa düşdüyü üçün istifadə etməkdən çəkinir.
Eyni zamanda, Ukrayna hakimiyyəti bildirir ki, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya ordusu dəfələrlə kasetli sursatlardan istifadə edib. Moskva bunu inkar edir.
İyulun əvvəlində ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi elan edib. Bura kaset sursatlarının da daxil olduğu deyilirdi. Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrin hakimiyyət orqanları bu cür sursatların mülki əhaliyə təhlükə törətdiyini əsas gətirərək onun tədarükündən narahat olduqlarını bildiriblər. Böyük Britaniya kaset silahları haqqında Konvensiyanı imzalayan və istehsalını və istifadəsini qadağan edən 123 ölkədən biridir.
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan kaset sursatlarının tədarükünü bununla izah edib ki, bu, “ABŞ artilleriya mərmilərinin istehsalını artırana qədər müvəqqəti seçimdir”. O, əmin edib ki, Ukrayna Silahlı Qüvvələri onlardan öz ərazilərində, öz əhalisi üçün riskləri minimuma endirməklə istifadə edəcək. Ukrayna həmçinin bu silahlardan mülki ərazilərdə istifadə etməyəcəyini və onların istifadəsinə ciddi nəzarət edəcəyini vəd edir.
azpolitika.info






