Ərdoğandan İsveç və ABŞ-yə CİDDİ MESAJLAR - Son çıxışı gündəm oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Zirvəsi öncəsi açıqlamaları xarici mətbuatın gündəminə çevrilib.
Sfera.az bildirir ki, “The Independent”, “Al Arabia”, “Fox”, “Al Monitor” kimi məşhur nəşrlər Türkiyə prezidentinin son çıxışını İsveç və ABŞ-yə ciddi mesaj kimi qiymətləndirib.
Belə ki, “İndependent” qəzeti oxuculara təqdim etdiyi xəbərdə bunları qeyd edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü ölkəsinin NATO-ya üzvlüyünü təsdiq etməyə hazır olmadığını bildirdi. O, Stokholmun tamamlamalı olduğu “ev tapşırığı” üzərində daha çox işləməli olduğunu söylədi”.
Məqalədə Ərdoğanın bu sözləri yer alıb: “Terror təşkilatlarına və islamafobiyaya qarşı qətiyyətli mübarizə bizim qırmızı xəttimizdir. Hamı qəbul etməlidir ki, terrora dəstək verməklə Türkiyənin dostluğu qazanıla bilməz”.
Sözügedən xəbərdə liderlərin NATO Sammitində bir araya gələcəkləri və İsveçdən gözlənilən addımların atılmadığı vurğulanıb:
“NATO-nun genişlənməsi üçün bütün hazırkı üzvlərinin yekdil razılığına ehtiyacı var. Türkiyə və Macarıstan İsveçin təklifini hələ də dəstəkləməyən yeganə ölkələrdir”.
“Al Arabia” da Ərdoğanın İsveçə “ev tapşırığı” verdiyini xüsusilə qeyd edib. ABŞ-də fəaliyyət göstərən “Fox” qəzeti “Türkiyə prezidenti Ərdoğan İsveçin NATO üzvlüyünün təsdiqini gecikdirir” başlığı ilə oxucularının qarşısına çıxıb. Xəbərdə Ərdoğanın təsdiq üçün öhdəliklərin yerinə yetirilməsini tələb etdiyi vurğulanıb. “Al Monitor” isə “Ərdoğan İsveç və ABŞ-yə açıq-aşkar zərbə vuraraq, ölkəsinin örtülü təhdidlərə boyun əyməyəcəyini söylədi", - deyə yazıb.
Xatırladaq ki, ötən gün Türkiyə prezidenti İsveçdə Quranın yandırılmasına reaksiya verib. O, baş verənləri “heç bir insani əsasa söykənməyən hadisə” adlandırıb. Bundan başqa, "nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”, deyə ölkə başçısı qeyd edib. Ərdoğan qeyd edib ki, İsveçin NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir və Türkiyə qarşısında üzərinə götürülən bütün digər öhdəliklər yerinə yetirilməlidir.
Günay Rəsulqızı