Fransada aksiyalar böyüyür: ifrat sağçı qruplar da etirazlara qoşulub
Ötən həftə Fransanın Nanter şəhərində polisin 17 yaşlı gənci öldürməsi ilə başlayan etiraz aksiyaları getdikcə böyüyür. Artıq aksiyalara ifrat sağçı qruplar da qoşulub ki, bu da narahatçılığı artırır.
Sfera.az xəbər verir ki, Lion şəhərində polis ifrat sağçı qrupu gözyaşardıcı qazla dağıda bilib. Fransa mediasında yer alan xəbərə görə, gecə keçirilən nümayişlər zamanı 49 nəfər saxlanılıb. Hadisələr səbəbilə 45 min polis və jandarma küçələrə çıxaraq nümayişçilərlə toqquşub.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Etirazların genişlənməyəndən ehtiyatlanan hüquq-mühafizə orqanları şəhər mərkəzlərinə zirehli texnikalar yerləşdirir.
Prezident Emmanuel Makron ölkədəki vəziyyəti müzakirə etmək üçün dünən Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Gerald Darmanin də daxil olmaqla nazirlərlə görüşüb. İclasda Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı xahiş edib.
Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Naheli öldürüb. Gənci qətlə yetirən polis məmuru həbs edilib və mühakimə olunub. Buna baxmayaraq Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə kütləvi etiraz akasiyaları keçirilir, polislə nümayişçilər arasında toqquşmalar baş verir. Aksiyaların dağıdıcı xarakter alması səbəbindən 10 şəhərdə komendant saatı elan edilib.
Vasif