İranla ABŞ arasında QAPALI DANIŞIQLAR - Masada nələr var?

İranla ABŞ arasında QAPALI DANIŞIQLAR - Masada nələr var?

“Tehran Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün imkanlar axtarır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, ABŞ və İran nümayəndələrinin Oman dövlətində qapalı danışıqlar apardıqlarına dair xəbərlər yayıldığını vurğulayıb:

 

“Vaşinqtonla danışıqlarda daha çox Tehran maraqlıdır. Sanksiyalar İran iqtisadiyyatını zəiflədib. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var: ABŞ-dəki sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail. Onlar İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər. Ancaq Tehran bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-nin bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır”.

 

Ekspert həmçinin qeyd edib ki, İran pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən də istifadə edib:

 

“”The Wall Street Journal” qəzetində yayımlanan məqalədə Çinin İrana üç ay ərzində Rusiyaya pilotsuz uçuş aparatları  istehsal etmək üçün kömək etdiyi yazılıb. Ukrayna İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra onda aşkarlanan Çin hissəsinin üç ay ərzində hazırlanaraq Rusiyaya göndərildiyi aşkarlanıb. Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. “Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub. Deməli, Pekin bir tərəfdən Rusiyaya silah və hərbi texnika göndərmədiyini iddia edir, digər tərəfdən İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təhciz etmək üçün çalışmalar həyata keçirir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR