“Taxıl razılaşması pozulsa, Ukrayna “B planı”nı işə salacaq” - “Reuters” 

“Taxıl razılaşması pozulsa, Ukrayna “B planı”nı işə salacaq” - “Reuters” 

Ukraynanın kənd təsərrüfatı naziri Nikolay Solskiy “Reuters” agentliyinə bildirib ki, Rusiya taxıl razılaşmasından çıxacağı təqdirdə Ukrayna taxıl ixracını davam etdirmək üçün “B planı”nı işə salacaq.

 

Sfera.az xəbər verir ki, iyunun 1-də Rusiya ammonyak ixracının olmamasını əsas gətirərək gəmilərin Odessa yaxınlığındakı Yujnı limanına yaxınlaşmasını məhdudlaşdırıb. Taxıl razılaşmasına görə, Rusiya taxılla yanaşı, azot gübrəsi və onun istehsalında istifadə edilən ammonyak da ixrac imkanı əldə etməlidir. Amma hələlik Rusiya əlavə məhsullar ixrac edə bilmir. Rusiyanın bu qərarından sonra Ukrayna hökuməti taxıl tədarükünü davam etdirmək üçün şirkətlərə sığorta təminatı təklif etməyə hazır olduğunu bildirib. Bu təminat şirkətlərə Rusiyanın iştirakı olmadan taxıl ixracını dəstəkləmək məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Ukrayna hakimiyyəti gəmiləri Ukraynanın Qara dəniz limanlarına daxil olacaq şirkətlər üçün təxminən 547 milyon dollar məbləğində xüsusi sığorta fondu yaradıb. Ödənəcək sığorta haqları hesabına daşıyıcılar zəmanət əldə edərək yaradılan dəhlizdən keçə biləcəklər.

 

Xatırladaq ki, Rusiya və Ukrayna arasında taxıl müqaviləsi ötən ilin yayında Türkiyə və BMT-nin də dəstəyi ilə razılaşdırılıb. O vaxtdan razılaşma bir neçə dəfə uzadılıb. Müqavilə iki hissədən ibarətdir. Birincisi, Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracına zəmanət verilir. İkincisi isə Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılır. Moskva Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı təşəbbüsün bir hissəsinin həyata keçirilməməsi səbəbindən sazişin uzadılmasından imtina edəcəyinə dair xəbərdarlıq edib.

 

Xarici işlər naziri Sergey Lavrov may ayının sonunda bildirib ki, əgər Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlər tam aradan qaldırılmasa, Rusiya taxıl sazişinin işləmədiyini hesab edəcək. Rusiya taxıl sazişi çərçivəsində digər məsələlərlə yanaşı, Toliatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətini də bərpa etməyə çalışır.

 

“Reuters” agentliyinin Ukrayna hökumətindəki mənbəsi bildirib ki, sövdələşmədə iştirak edən Ukrayna limanlarının sayı artırılacağı təqdirdə Kiyev belə bir addım atmağa hazırdır. Lakin Rusiya tərəfi daha çox limandan istifadə edilməsinə razı deyil.

 

Vasif


OXŞAR XƏBƏRLƏR