“Yaxın ətrafı oyundan çıxmaq istəyir, Putin imkan vermir...” - Abbas Qalyamov
“Yaxın ətrafı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verdikdən sonra bir növ depressiyaya düşüb”.
Sfera.az xəbər verir ki, bu sözləri Vladimir Putinin keçmiş spikeri, politoloq, publisist Abbas Qalyamov "Radio NV"yə müsahibəsində deyib.
“Bundan sonra onların hamısı şoka düşdü. Bu həbs qərarı Putinin ətrafı üzərində çox güclü, mənfi təəssürat yaratdı. Ağıllı olanlar müharibənin əvvəlindən başa düşürdülər ki, bunun baş verməsinin qarşısını almaq lazımdır”, - deyə o bildirib.
Qalyamovun fikrincə, Rusiya “diktatoru”nun əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, ona şərik olacaqlar və liderlə birgə məhkəmə qarşısına çıxacaqlar.
Politoloq qəti ifadə edib ki, buna görə “dəhşətli depressiya” başlayıb və hamı “qaçıb kənara çəkilə” bilmir, çünki Putin bunu xəyanət kimi qəbul edə bilər.
“Belə bir vəziyyətdə isteriyaya düşən Putin aman verməyəcək. İndi onlar çaşqındırlar və nə edəcəklərini bilmirlər. Onların indi sağ qalmaq strategiyası yoxdur”, - Putinin keçmiş əməkdaşı bildirib.
Əzizə