Putin Ukrayna savaşından qazanclı çıxa bilər - "Sızdırılan məxfi sənədlər Ukraynanı çətin duruma salıb"
“Ukrayna Pentaqonun sızdırılan sənədlərinə görə planlarını dəyişə bilər”.
Sfera.az bildirir ki, bu barədə “The Telegraph”da dərc olunan yazıda qeyd olunub. Vurğulanıb ki, Pentaqondan sızan kəşfiyyat sənədlərinin doğruluğu sual altında olsa da, bu, Ukraynanın müharibə səylərinə mənfi təsir göstərəcək:
“Hətta sənədlərin yayılması Kremlin kibertrollarının ağıllı dezinformasiya kampaniyasının bir hissəsi olsa belə, bu hadisə Ukraynanı Rusiya qüvvələrinə qarşı çoxdan planlaşdırılan əks-hücumunu yenidən nəzərdən keçirməyə vadar edə bilər. Digər tərəfdən, qış boyu Ukrayna qoşunları bu yaz rus işğalçılarına qarşı yeni hücum dalğasına başlamazdan əvvəl ciddi təlim keçiblər. Təlimlər Kremlin zəif təchiz edilmiş və ruhdan düşmüş cəbhə xəttində həlledici irəliləyiş əldə etmək məqsədi daşıyırdı. Hücum hazırlıqları arasında Britaniya ordusu tərəfindən idarə edilən Ukrayna qoşunlarının böyük dəstələrinin təlim üçün Avropaya göndərilməsi yer alırdı. ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri Ukraynanın ruslara sarsıdıcı zərbə endirmək qabiliyyətinə şübhə ilə yanaşsa da, keçən ay Krımın şimalında Rusiya raketlərini məhv edən dron hücumları ukraynalıların məqsədlərinə çatmaqda nə dərəcədə ciddi olduğunu göstərir. Lakin Ukrayna komandirləri qəflətən planlarını yenidən nəzərdən keçirməyə məcbur oldular”.
Nəşr qeyd edib ki, sızdırılan məlumatlarda bəzi hissələr təkzib edilsə də, bəziləri reallıq olaraq qəbul edilib:
“Burada inandırıcı görünən xeyli təfərrüat var – bəzi faktlar dəyişdirilə bilsə də (məsələn, Rusiya və Ukraynanın itki rəqəmləri), ABŞ rəsmiləri etiraf ediblər ki, böyük həcmdə məlumatlar doğrudur. Ola bilsin ki, Kiyev üçün ən narahatedici məqam amerikalıların Ukraynanın böyük hücum əməliyyatlarını keçirmək və davam etdirmək qabiliyyətinə şübhə ilə yanaşmalarıdır. Sənədlər həm də əksəriyyətin münaqişə başlayandan bəri qorxduğunu təsdiqləyir: Bəzi Qərb liderlərinin Ukraynanın qələbəsinə inancı azdır. Sənəddə Ukraynanın qarşıdan gələn əks-hücum əməliyyatının perspektivləri ilə bağlı şübhələr ifadə edilir və xəbərdarlıq olunur ki, kifayət qədər qüvvələrin yaradılması və saxlanılması ilə bağlı problemlər yalnız “xırda ərazi qazancı” ilə nəticələnəcək. Kiyevin ən güclü müttəfiqləri belə Ukrayna münaqişəsinin qanlı dalana doğru getdiyinə inanırlar. Bu vəziyyət isə Ukraynaya dəstəyini davam etdirməklə bağlı artıq ehtiyatları olan Qərb liderlərini cəsarətləndirə bilər”.
Yazıda həmçinin qeyd edilib ki, sənəddə əks olunan məlumatlar Moskva qüvvələrini ruhlandıracaq: “Söhbət Ukrayna gücünün Qərb tərəfindən şübhə altına alınmasından gedir. Sızdırılan sənədlərdə yer alan məlumatların etibarlılığından asılı olmayaraq, Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşır. Kiyev Qərbdən lazımi dəstək almazsa, savaş sonda Vladimir Putinin xeyrinə çevrilə bilər”.
Günay Rəsulqızı