“İlon Mask Çin Kommunist Partiyasından maaş alır” - Trampın keçmiş müşaviri

“İlon Mask Çin Kommunist Partiyasından maaş alır” - Trampın keçmiş müşaviri

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Stiv Bannon “Twitter”in sahibi İlon Maska Pekinin və Çin Kommunist Partiyasının (ÇKP) pul verdiyini iddia edib.


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Maskın Şanxayda böyük “Tesla” fabriki tikəcəyini açıqlamasından sonra Bannon bu iddia ilə çıxış edib.


Fırıldaqçılıqda ittiham olunan çinli milyarder Quo Venquyun ortağı olan Stiv Bannon ifrat sağçı sosial media platforması “Gettr”də yazıb: “İlon Mask Çin Daxili İşlər Nazirliyinə gedərək maaşını verən ÇKP-yə səcdə edib".


“Gettr”də etdiyi başqa bir paylaşımda Bannon Mask haqqında başqa iddialar da irəli sürüb:

 

"İlon Maskın aldığı nəfəs belə yalandır. O, “Twitter” adlı cinayət yuvasını iki qat baha qiymətə satın aldı. İndi Pekindəki maaşını verən müdirləri ondan hamıya hücum etməyini istəyirlər”.


Mart ayında bir “podcast” proqramına qatılan Bannon, Maskın "ÇKP-nin dəstəklədiyi yaramaz" olduğunu ifadə edib. İlon Mask isə ona belə cavab verib: "Bennonun ağıllı, amma pis olduğunu düşünürdüm, indi isə birinci hissədə yanıldığımı başa düşdüm".


Mask dünən verdiyi açıqlamada Çinin Şanxay şəhərində mövcud avtomobil zavodunun yanında “Tesla” üçün yeni akkumulyator fabriki qurmağı düşündüyünü söyləyib.

 

Çin hökumətinə heyranlığını ifadə etməsi ilə tanınan Mask, ÇKP-nin 100-cü ildönümü ilə əlaqədar “Twitter” paylaşımında, "Çinin iqtisadi rifahı və xüsusilə də infrastruktur sahəsindəki inkişafı həqiqətən inanılmaz bir nailiyyətdir. İnsanları Çinə səfər etməyə və bunları öz gözləri ilə görməyə çağırıram”, - deyə vurğulayıb. 
Çinin “Twitter”ə bənzər sosial media platforması “Weibo”da çinlilər Mask haqqında fikirlərini bu sözlərlə ifadə ediblər: “Onun fəlsəfəsi Çin hökuməti ilə uyğundur. Ona hətta ÇKP üzvlüyü də verilə bilərdi”.


Maskı Çinə yaxın olmaqda günahlandıran Bannon isə çinli ortağı, iş adamı Quo Venquya məxsus yaxtada həbs edilmişdi. O, çirkli pulların yuyulmasında və Tramp dövründəki layihə üçün toplanan ianələri oğurlamaqda ittiham olunurdu.


“The New Yorker” qəzetindəki xəbərə görə, Bannon ÇKP ilə ciddi əlaqələri olan Quonu “Pekinin Donald Trampı və yeni Çinin Corc Vaşinqtonu” kimi xarakterizə edib.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR