İran hicabsız qadınları aşkarlamaq üçün ağıllı kameralardan İSTİFADƏ EDİR

İran hicabsız qadınları aşkarlamaq üçün ağıllı kameralardan İSTİFADƏ EDİR

İran polisi açıq havada hicabsız qadınları müəyyən etmək üçün ictimai yerlərdə kameralar quraşdırmağa başlayıb. Polis bildirib ki, saçlarını örtməyən qadınlar nəticələrlə bağlı xəbərdarlıq mətnləri alacaqlar.


Sfera.az bildirir ki, İran polisindən verilən açıqlamada bunun hicab qanununa qarşı müqavimətin qarşısını almağa kömək edəcəyi qeyd olunub.

 

Xatırladaq ki, ötən il hicab qaydasını pozduğu iddiası ilə həbs edilən gənc qadın Məhsa Əmininin polis nəzarətində ölməsi etirazlara səbəb olub.
Əmininin ölümündən sonra, həbs olunma riskinə baxmayaraq, İranın hər yerində, xüsusən də böyük şəhərlərdə baş örtüyünü atan qadınların sayı getdikcə daha da artmağa başlayıb.

 

Dövlət İslam Respublikası Xəbər Agentliyi tərəfindən dərc edilən polis bəyanatında  “hicab qanununu pozanları” müəyyən etmək və onları tapmaq üçün ağıllı kameralar və digər vasitələrdən istifadə edildiyi bildirilir.


Xatırladaq ki, 1979-cu il İslam İnqilabı ilə dini qanunların sərt təfsiri tətbiq edildikdən sonra qadınlar qanuni olaraq saçlarını hicabla (çadra) örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.


Şənbə günü polis bəyanatında hicabı "İran xalqının sivilizasiya əsaslarından biri" kimi xarakterizə edib və biznes sahiblərini “səliqəli yoxlamalar" vasitəsilə qaydalara riayət etməyə çağırıb.

 

Yeri gəlmişkən, açıq-saçıq qadınlara qarşı ictimai hücumlar da az deyil.


Keçən həftə bir kişinin iki açıq-saçıq qadına qatıq atan videosu internetdə geniş yayılıb. Həmin şəxs həbs edilməsinə baxmayaraq, qadınlar da hicab qanununa əsasən həbs olunub.

 

İran hicab qaydalarına riayət etməkdə qətiyyətli olduğunu nümayiş etdirir.Təkcə dekabr ayından bəri İranda dördü edam edilməklə, minlərlə etirazçı həbs edilib. Eyni zamanda, sərt xətt tərəfdarları qanunun tətbiqi üçün daha çox iş görülməsində israr etməyə davam edirlər.


Ötən şənbə günü İran Prezidenti İbrahim Rəisi bir daha bəyan edib ki, iranlı qadınların hicab taxması dini zərurət olmalıdır.


İranın Ədliyyə naziri Qulamhüseyn Mohseni-Ejei cümə günü xəbərdarlıq edib ki, qadınları qaydalara əməl etməyə təşviqin ən yaxşı yolu genişmiqyaslı təzyiq olmamalıdır:

 

“Mədəniyyət problemlərini mədəni yolla həll etmək lazımdır... Əgər biz bu cür problemləri həbs etməklə həll etmək istəsək, xərclər artacaq, istədiyimiz effekti isə görməyəcəyik”.


Aynil
 


OXŞAR XƏBƏRLƏR