Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələri bərpa edir

Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələri bərpa edir

Səudiyyə Ərəbistanı və Suriya hökumətləri konsulluq xidmətlərini bərpa etmək üçün danışıqlar aparır. Xəbər təsdiqlənərsə, bu, 2012-ci ildən bəri Ər-Riyad və Dəməşq arasında münasibətlərdə ən böyük yaxınlaşma olacaq. 


Sfera.az “TRT Russian”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlətyönlü telekanalı “Əl Ekhbariya” Krallığın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, iki ölkə arasında konsulluq xidmətlərinin bərpası üçün danışıqlara başlanılıb. 


Vətəndaş müharibəsində Suriya müxalifətinə dəstək verən Səudiyyə Ərəbistanı 2012-ci ildə Dəməşqdəki səfirliyini bağlayıb və Suriya səfirini ölkədən çıxarıb. Hazırda konsulluq əlaqələrinin bərpası iki ölkə arasında münasibətlərin tam bərpa olunacağından xəbər verir. 


Martın 23-də “Reuters” agentliyi də üç mənbəyə istinadən xəbər verib ki, Ər-Riyad və Dəməşq səfirliklərini yenidən açmağa razılaşıblar. 


İki ərəb dövləti arasında siyasi əlaqələrin bərpası Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normalaşmağa başlamasından sonraya təsadüf edir. Bu ayın əvvəlində Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpası üçün danışıqlar başlayıb. 


Qeyd edək ki, Ər-Riyad fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Suriyanın həm üsyançılarının, həm də rejimin nəzarətində olan bölgələrinə yardım göndərib. Eyni zamanda Səudiyyə rəsmiləri Suriya Qızıl Ayparası ilə rejimin nəzarətində olan bölgələrə yardım çatdırılmasını koordinasiya edib. 


Zəlzələdən sonra ərəb ölkələri, o cümlədən on ildən artıq davam edən müharibədən sonra Dəməşqlə münasibətlərin normallaşdırılmasına indiyədək müqavimət göstərən hökumətlər rejimə münasibətini yenidən nəzərdən keçirməyə başlayıblar. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR