Türkiyənin Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək

Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
Sfera.az bildirir ki, Prezident Kompleksində baş tutacaq toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Türkiyə mediasının məlumatına görə, ilin ikinci belə toplantısının gündəmində bir çox mövzular var. Seçkilərin təhlükəsizliyi isə ən vacib məsələlərdən biri olacaq. Bu baxımdan mayın 14-də keçiriləcək seçkilərlə bağlı tədbirlərin müzakirə olunacağı gözlənilir. Şurada müzakirə ediləcək digər mühüm mövzu isə terrorla mübarizədir. Ölkə daxilində və xaricdə davam edən əməliyyatlardakı son vəziyyət və atılacaq mümkün addımlar gündəmdə olacaq.
Qeyd olunub ki, regional və beynəlxalq hadisələr də müzakirə olunacaq mövzular sırasındadır. Milli Təhlükəsizlik Şurasının (MGK) Yunanıstanın silahlanma fəaliyyətlərinə və Egeydəki təxribatlara toxunacağı, Rusiya-Ukrayna müharibəsində Türkiyənin sülh üçün göstərdiyi səylər və daimi atəşkəs məsələsinin də gündəmdə olacağı gözlənilir. Qiymətləndirmələr və alınan qərarlar yazılı açıqlama ilə ictimaiyyətə açıqlanacaq.
Günay Rəsulqızı