Lukaşenko Putini İFŞA EDƏ BİLƏR: “Əgər bunu desə..”

Belarus Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsi ilə bağlı planına münasibət bildirib. Qeyd olunub ki, nüvə başlıqlarının nəzarəti rəsmi Minskə vermədən respublika ərazisində yerləşdirilməsi Nüvə Silahının Yayılmaması Müqaviləsinə zidd deyil:
“Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Belarusun belə məzmunlu açıqlama verəcəyi gözlənilən idi:
“Burada diqqətçəkən iki məqam var. Birincisi, rəsmi Minsk göstərmək istəyib ki, taktiki nüvə silahının ölkədə yerləşdirilməsi Belarusun iradəsi çərçivəsində baş tutur və bu, Rusiyanın diktəsi ilə həyata keçmir. İkinci tərəfdən, Belarus XİN əsaslandırmağa çalışıb ki, nüvə silahının ölkədə yerləşdirilməsi beynəlxalq öhdəliklərə zidd deyil. Bununla da Minsk üçüncü tərəflərin narahatlığının əbəs olduğunu göstərməyə çalışıb. Yəqin ki, Belarusun sözügedən məsələ ilə bağlı hazırkı mövqeyi bundan sonra da davam edəcək”.
Müsahibimiz qeyd edib ki, rəsmi Minsk nüvə silahının ölkəsinə lazım olmadığını bildirərsə, Moskvanı ifşa etmiş olar:
“Belarus prezidenti Aleksandr Lukaşenkonun indiki halda buna gedəcəyini, daha doğrusu, bunu istəyəcəyini düşünmürəm. İstisna deyil ki, Belarusda nüvə taktiki silahlarının yerləşdirilməsi üçün Rusiya prezidenti Vladimir Putin həmkarına təzyiq edib. Ola bilsin, bu, heç də Lukaşenkonun ürəyincə deyil. Amma Minsk bunu biruzə verərək Moskvanı pis vəziyyətdə qoymaz”.
Günay Rəsulqızı