Kremlin fiaskoya uğrayan “B planı” – Müharibənin ildönümündə möcüzə axtarışı

Kremlin fiaskoya uğrayan “B planı” – Müharibənin ildönümündə möcüzə axtarışı

Rusiya hərbi rəhbərliyi 4 hərbi dairəyə yeni komandanlar təyin edib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu isə bildirib ki, bu, Rusiya ordusundakı mövcud uğursuzluqları aradan qaldırmaq üçün edilən növbəti cəhddir. 

 

Amerikalı analitiklərin fikrincə, sözügedən addım həm də Rusiya ordusunu Ukraynada yenilənmiş genişmiqyaslı hücuma hazırlamaq səylərinin bir hissəsidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyada ötən ilin sentyabrında elan edilən səfərbərlik, keçirilən saxta referendum, həmçinin komandan dəyişiklikləri onun “B” planı kimi qiymətləndirilməlidir:

 

“Hərbi dairələrə yeni komandanların təyin edilməsi lazımi effekti verməyəcək, çünki uğursuzluqların səbəbi daha dərindədir. Birincisi, Rusiya ordusu mənəvi-psixoloji böhran içindədir. Hərbçiləri lazımi stimula malik deyillər. İkincisi, Rusiya ordusunda fikir ayrılığı var. Nizami ordu, “Vaqner” özəl hərbi şirkəti və digər qruplar arasında münaqişələr hökm sürür. Bu, getdikcə daha aydın hiss olunur. Üçüncüsü, Rusiya ordusunda hərbi-texniki çatışmazlıq güclənir. Dördüncüsü, ölkə daxilində narazılıq artır. Beşincisi, hərbi-siyasi hakimiyyətdə gərginlik davam edir. Məhz bu amillər Rusiyaya döyüş meydanında üstünlüyü ələ almağa imkan vermir”.

 

Müsahibimiz qeyd edib ki, müharibənin ildönümünədək Rusiya növbəti genişmiqyaslı hücuma keçə, o cümlədən kütləvi raket hücumları reallaşdıra bilər:

 

“Lakin Rusiyanın yaxın vaxtlarda ciddi strateji üstünlük əldə edəcəyi inandırıcı görünmür. Güman ki, döyüşlər hələ bir müddət bu templə davam edəcək. Qərb Rusiyaya üstünlüyü ələ almağa imkan verməz. Görünən odur ki, Kremlin “B planı” o qədər də  effektiv deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR