Zəlzələ bölgəsindəkilərə niyə vaxtında yardım edilmədi? – CHP-li millət vəkilindən İTTİHAMLAR

Zəlzələ bölgəsindəkilərə niyə vaxtında yardım edilmədi? – CHP-li millət vəkilindən İTTİHAMLAR

"Fəlakət anında nə edəcəyimizi bilmədiyimiz bir sistemin içərisinə düşdük. Zəlzələ baş verən ərazilərdə qarı təmizləmək üçün maşınlar yox idi, buna görə də yardıma getmək çətinləşdi”.

 

Bunu Sfera.az-a açıqlamasında CHP-li millət vəkili Atilla Sertel bildirib. Deputat zəlzələ bölgəsindəki insanların ac və çarəsiz olduğunu bildirib:

 

“Dünən səhərdən Kahramanmaraşda, Pazarcıkdayıq. Ötən gün səhər tezdən Ədirnədən olan həmkarımla bir parça şirniyyat yeyə bilmişik, indiyədək boğazımızdan çörək də keçməyib. Zəlzələ olan ərazilərdə su yoxdur, insanlar tualet ehtiyaclarını belə ödəyə bilmir, xüsusilə qadınlar çıxılmaz vəziyyətlə üz-üzədirlər”.

 

Deputat zəlzələ bölgəsindəki insanların daha çox hansı əşyalara ehtiyac duyduğundan da danışıb:

 

“Hazırda insanların qalın koftalara, papağa, adyala ehtiyacları var. Bunlar təməl ehtiyaclardır. Çadırlar hələ qurulmayıb, vətəndaşlar özləri müəyyən vasitələrlə, məhdud şəraitdə soyuqdan qorunmaq, gecələmək üçün yerlər düzəldib. Avtomobillərdə də gecələmək olmur, çünki benzin yoxdur ki, mühərriki işə salıb maşını qızdıra biləsən. Yanacağa ehtiyac çoxdur. Artıq yavaş-yavaş bələdiyyələr insanlara yardımları çatdırmağa başlayıb. Ümid edirik ki, bundan sonra vəziyyət az da olsa, dəyişə bilər. Dağıntılar altında hələ də sağ qalan insanlar var və kömək gözləyirlər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR