Zelenskinin yaxın çevrəsində nə baş verir? – İstefalar, qalmaqallar...

Zelenskinin yaxın çevrəsində nə baş verir? – İstefalar, qalmaqallar...

Ukraynada istefalar dalğası davam edir. Prezident Vladimir Zelenski artıq bəzi yüksək rütbəli məmurları da işdən çıxarıb. Bu, səs-küylü korrupsiya qalmaqalları ilə bağlı olub.

 

Mediada kadr dəyişikliklərinin hökumətin ən yüksək səviyyələrinə,  Zelenskinin yaxın çevrəsinə qədər təsir edəcəyi ilə bağlı şayiələr də yayılıb. Son günlər əsas müzakirə mövzularından biri isə müdafiə naziri Aleksey Reznikovun mümkün istefa qərarı olub.

 

Reznikovun bu qərarının pərdəarxasında nələr dayanır?

 

Sfera.az “Lenta.ru”ya istinadən bildirir ki,  fevralın 5-də bir neçə mənbə Reznikovun istefaya getdiyini və onun yerinə Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovun təyin olunduğunu elan edib. Bu xəbərlər orduda hərbçilər üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalı fonunda yayılıb. Daha sonra Ukrayna Ali Radasında“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya əlavə edib ki, hərbi sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə Reznikova strateji sənaye naziri postu təklif olunacaq: “O, yalnız Qərbin Ukrayna ordusunun ehtiyacları üçün təmin etdiyi hərbi texnikanın tədarükü ilə məşğul olacaq”.

 

“Strana.ua” nəşri yazır ki, Aleksey Reznikovun postundan mümkün gediş hekayəsi elitadaxili münaqişənin sübutudur. İddialara görə, o, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın etibarlı adamıdır. Nəşrin Ali Radadakı mənbəsi hesab edir ki, Yermak onu müdafiə etməyə çalışacaq:

 

“Lakin deputatlar prezidentin istefanı dəstəkləmək istəyi barədə artıq məlumatlandırılıblar. Bu qərarı Vladimir Zelenski təsdiqləyib”.

 

Bundan əlavə, prezidentin keçmiş müttəfiqi, hazırda parlamentdə “Ehtiyatlı siyasət” qrupuna rəhbərlik edən Dmitri Razumkov hesab edir ki, Aleksey Reznikovun istefası üçün səslər toplana bilsə belə, parlamentarilər onun yenidən yeni vəzifəyə təyin olunmasını dəstəkləməyəcəklər:

 

“Daha onun dövlət qulluğunda işləməsi məntiqsizdir. Əgər günahsızdırsa, işlədiyi yerdə qalsın. Yox, əgər şübhələniriksə, qoy ilk öncə istintaq bunu aydınlaşdırsın”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR