Qərbin yeni silahları Ukrayna savaşının taleyini dəyişəcəkmi? - ŞƏRH

Qərbin yeni silahları Ukrayna savaşının taleyini dəyişəcəkmi? - ŞƏRH

Ukrayna Qərbdən əhəmiyyətli hərbi yardım almaqda davam edir. Elə ötən günlərdə ABŞ-ın Almaniyada yerləşən Ramştayn aviabazasında Qərb dövlətlərinin müdafiə nazirlərinin görüşündə müttəfiqlər Kiyevə gələcək hərbi yardım haqqında razılığa gəldilər.

 

Görüşdə ABŞ hava hücumundan müdafiə batareyalarının və reaktiv yaylım atəşi sistemlərinin, Böyük Britaniya, Kanada, Polşa və İsveçin zirehli texnikasının, Danimarka, Fransa, Çexiya, Almaniya və Norveçin özüyeriyən artilleriya qurğularının,  müxtəlif sursatların Ukraynaya çatdırılması barədə qərar qəbul edilib.

 

Qərbin yeni silahları döyüş meydanındakı üstünlüyü Ukraynanın xeyrinə dəyişəcəkmi?

 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Sfera.az-a açıqlamasında deyib ki, Qərb ölkələri Ukraynaya göstərdikləri yardımın artırılmasını planlaşdırır:

 

“Son dövrlər Rusiyanın artan işğalçı təzyiqləri qarşısında Ukraynanı ayaqda tutmağın ən ideal yollarından biri də hərbi dəstəyin artırılmasıdır. Nəzərə alsaq ki, Putin təqribən bir ay öncə Ukraynaya hərbi bazalar yolladı, bu isə işğalçının gələcək hücumlarının anonsu kimi dəyərləndirilməlidir. Odur ki, Qərb ölkələri (Almaniya, Fransa, Çexiya, Norveç, Kanada və.s) yardımı artırmaqla Ukraynanın Rusiya qarşısında zəifləməsinə imkan verməyəcəklərini nümyiş etdirirlər. İndiki vəziyyətdə cəbhədə Ukrayanın əlində müəyyən mənada üstünlük olduğunu da demək olar”.

 

Müsahibimiz bildirib ki, üstünlüyün davamlılığını təmin etmək məqsədilə Ukraynaya hərbi yardımın artırılması nəzərdə tutulur:

 

“Düşünürəm ki, bu dəfə əvvəlki yardımlardan fərqli olaraq, hərbi sursatların çeşidləri çoxdur. Əksəriyyəti müasir silahlardır, heç Rusiya özü elə silahlara sahib deyil. Bu, xüsusilə önəmlidir. Rusiyanın qarşısında Ukraynanın davam gətirməsi üçün ən vacib amillərdən hesab edilə bilər. Yaxın müddət ərzində hərbi texnikalar Ukraynaya çatacaqsa, bu, həm psixoloji, həm də texnoloji üstünlükdür və gələcəkdə Ukraynanın öz ərazilərinin işğaldan tam azad edilməsi prosesini sürətləndirə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR