Putin Zelenskinin mümkün “İNTİQAM PLANI”na hazırlaşır

Putin Zelenskinin mümkün “İNTİQAM PLANI”na hazırlaşır

Son günlərdə Moskvada hava hücumundan müdafiə sistemləri quraşdırılır. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, Kremlin Rusiya əhalisini Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlamaq məqsədi daşıyır.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hakimiyyət müharibə miqyasının genişlənməsi və Rusiya ərazisinə keçməsinin real olduğunu başa düşür. Müsahibimizin sözlərinə görə, Qərb dövlətlərinin Ukraynaya verdiyi uzaqmənzilli raketlər və ağır tanklar da bu ehtimalı artırır:

 

“Savaşın Rusiya ərazisinə keçməsi digər dövlətlərin də müharibəyə qoşulmasını zəruri edə bilər. Bu isə ABŞ və müttəfiqlərinə sərf etmir. Lakin fəal hərbi əməliyyatlar başlamasa belə, Rusiya ərazisində hansısa hücumların olması istisna deyil. Qərb və Ukrayna kəşfiyyatının fəaliyyəti buna imkan verir. Nəzərə almaq lazımdır ki, Ukraynada daxili işlər nazirinin həlak olduğu helikopter qəzasında Moskvanın "əli olduğu" aşkarlanarsa, Kiyev bunun əvəzini çıxmaq istəyə bilər. Bu, ən azından Ukrayna ictimaiyyətinin əzmkarlığını qorumaq üçün vacibdir. Görünür, Kreml bu təhlükəni anlayır. Ehtimal edilən hücumların Moskvada yox, paytaxtdan kənarda olması daha ağlabatandır. Buna baxmayaraq, paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılması təsadüfi deyil. Bu, bir tərəfdən şəhərin təhlükəsizliyinin təmin olunması üçündür, digər tərəfdən, ictimai rəyi formalaşdırmağa hesablanıb. Hakimiyyət bu yolla xalqa vəziyyətin asan olmadığını izah etməyə çalışmaq istəyə bilər”.

 

Ekspert qeyd edib ki, Moskvada hava hücumundan müdafiə sistemlərinin quraşdırılması həm də ehtimal edilən növbəti səfərbərlik dalğası üçün zəmin ola bilər:

 

“Yaxın vaxtlarda səfərbərliyin elan olunması gözləniləndir. Bəllidir ki, nə Kiyevin, nə Moskvanın müharibəni yaxın vaxtlarda bitirmək fikri var. Çünki tərəflərdən birinin təklifi ilə digəri razılaşmır. Üstəgəl, bu, heç də ancaq onların iradəsindən asılı deyil. Qərb savaşın uzanmasında maraqlıdır. ABŞ və müttəfiqləri bunun üçün hər şeyi edəcəklər. Rusiya da başa düşür ki, istəsə belə, döyüşlər yaxın vaxtlarda dayanmayacaq. Elə ona görə də müxtəlif təbliğat vasitələri ilə ictimai rəyi istədiyi səmtə dəyişməyə çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR