Alibaba Qrupunun qurucusu Banqkokda görüntüləndi - FOTO
Çinli milyarder və Alibaba Qrupunun qurucusu Cek Ma uzun müddət ictimaiyyət qarşısında görünmədikdən sonra ilk dəfə Taylandın paytaxtı Banqkokda görünüb.
Sfera.az bildirir ki, Tailandın məşhur aşpazı Supinya Junsuta Michelin məşhur küçə restoranı Cey Faidə Cek Ma ilə çəkdirdiyi şəklini yayımlayıb və:
"İnanılmaz dərəcədə təvazökar, sizi və ailənizi Jay Fai Restoranında salamlamaqdan şərəf duyuruq"-yazıb.
Bir sıra yerli media da milyarderin Taylandın ən böyük aqrobiznes qrupu olan “Charoen Pokphand Group” (CP Group) və “Charoen Pokphand Foods PCL”nin direktorlar şurasının sədri Supakit Chearawanont ilə birlikdə restorana baş çəkdiyini bildirib. Bundan əlavə, çinli iş adamı Banqkokdakı Rajadamnern Stadionunda keçirilən boks görüşündə meydana çıxıb və Tailand boks çempionu Szombat Bançameklə şəkil çəkdirib.
Qeyd edək ki, Cek Ma Çində yaratdığı qalmaqaldan sonra nadir hallarda ictimaiyyət qarşısına çıxır. 2020-ci ilin oktyabr ayında sahibkar Çin tənzimləyici orqanlarını açıq şəkildə tənqid edib, bundan sonra səlahiyyətlilər antiinhisar araşdırmasına başlayıblar. İstintaq hərəkətləri nəticəsində “Alibaba”nın törəmə şirkəti olan “Ant Group”un səhmlərinə həbs qoyulub və o, tarixdə ən böyük tenderi həyata keçirə bilməyib.
2021-ci ilin aprelində Çin “Alibaba” Qrupuna dünyanın ən böyük antiinhisar cəriməsini-18 milyard yuan və ya 2,75 milyard dollar məbləğində cərimə tətbiq edib. Tənzimləyicilər şirkətin son bir neçə ildə bazar liderliyindən sui-istifadə etdiyi qənaətinə gəliblər.
İki il ərzində Cek Ma Çində yalnız bir neçə ictimai çıxış edib. İş adamının vaxtının çox hissəsini şirkətinin əsas ofisinin yerləşdiyi Xançjou şəhərində keçirdiyi güman edilirdi.
2021-ci ilin oktyabrında Cek Ma işgüzar görüşlər üçün Honq-Konqa səfər etdiyi bildirilir. “Reuters”in məlumatına görə, bu şəhərdə “Alibaba Group” rəhbərinin 193,5 milyon dollara aldığı 9 kvadrat kilometrdən çox sahəsi olan malikanəsi var.
Mediada yayılan son xəbərlərə görə, Cek Ma son altı aydır ailəsi ilə birlikdə Tokioda yaşayır. Buna baxmayaraq, o, ABŞ, İspaniya və İsrailə səfər etməyi də bacarıb.
Aynil






