Makronun Kiyevə dəstəyinin PƏRDƏARXASI: Bunu edən ilk Qərb lideri oldu...
Fransa prezidenti Emmanuel Makronun Ukraynaya “AMX-10 RC” təkərli tanklar göndərmək qərarı dünya mediasının da müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, “The Daily Telegraph” nəşrinin məlumatına görə, Makron bununla qırmızı xətləri keçərək hərbi tabunu qırıb və belə addım atan ilk Qərb lideri olub.
Məqalədə qeyd olunub ki, Fransa prezidenti Ukraynaya zirehli texnika tədarük etmək əzmində olduqlarını hələ bəyan etməyən ABŞ, Böyük Britaniya və Almaniya liderlərini üstələyib. Nəşrin yazdığına görə, o həmçinin, əvvəllər Londona məxsus olan Kiyevə kömək etmək təşəbbüsünü ələ keçirib.
“The Daily Telegraph” Makronun Ukraynaya qalib gəlməyə kömək edəcəyinə söz verdiyi Yeni il müraciətinə istinad edərək, Fransa prezidentinin ritorikasında əsaslı dəyişiklik olduğunu vurğulayıb. Qəzetin ehtimallarına görə, bu addım Fransa prezidentinin Rusiya ilə danışıqları artıq mümkün hesab etməməsi ilə bağlıdır.
Xatırladaq ki, yanvarın 4-də Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Bunun ardınca Yelisey sarayı Fransanın Kiyevə fransız yüngül tankları tədarük etmək niyyətini açıqlayıb. Makron Kiyevi “AMX-10 RC” təkərli tanklarla təmin edəcəyinə söz verib.
Günay Rəsulqızı