Fransa Ukrayna savaşına qoşulur? – XİN rəhbərindən AÇIQLAMA
“Fransa Ukraynaya hərbi yardım göstərməyi öz vəzifəsi hesab edir”.
Sfera.az bildirir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
O, prezident Emmanuel Makronun vəd etdiyi tankların Kiyevə çatdırılmasının Parisi Ukrayna münaqişəsinə şərik edəcəyinə inanmadığını vurğulayıb.
“Ukraynanın BMT Nizamnaməsinə uyğun olaraq müdafiə hüququ var və bizim borcumuz bu işdə ona kömək etməkdir. Niyə? Çünki orada baş verənlər təkcə ukraynalıları narahat etmir. Söhbət Avropa qitəsindəki sabitlikdən gedir. İndi məqsədimiz dünyada nizam-intizamı və sabitliyi təmin etməkdir ki, hamı dinc şəraitdə yaşaya bilsin”, - nazir əlavə edib.
Ketrin Kolonna Makronun vəd etdiyi “AMX-10 RC” təkərli tankların dəqiq nə vaxt və hansı miqdarda təhvil verilə biləcəyini açıqlamayıb: “Həmçinin hava hücumundan müdafiəni gücləndirmək lazımdır, bu məsələ dünən Makronun Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı qaldırılıb”.
Xatırladaq ki, ötən gün Makron Zelenski ilə telefon danışığı aparıb. Fransa prezidenti Kiyevi “AMX-10 RC” təkərli tanklarla təmin edəcəyinə söz verib. 17 tonluq döyüş maşını Fransanın “Nexter” şirkəti tərəfindən hazırlanıb və 1976-1994-cü illərdə istehsal edilib.
Günay Rəsulqızı