Putin Lukaşenkodan müharibəyə qoşulmasını tələb edir – Belarus “odla su arasında”
ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun məlumatına görə, Rusiyanın rəsmi Minskə Ukraynadakı müharibəyə qoşulması üçün etdiyi təzyiq cəhdləri Belarus ordusunda daxili çəkişmələrə səbəb ola bilər.
“Rusiyanın təzyiqləri Belarus hərbçiləri arasında narahatlıq yarada bilər. Belarus Prezidenti Aleksandr Lukaşenko müharibəyə qoşulmaq istəmir. Bunu təsdiqləyən daxili amillər var. Ona görə də Belarusun Ukraynadakı müharibəyə qoşulmaq ehtimalı çox azdır”, - deyə məlumatda qeyd olunub.
Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, savaşda Belarus ordusunun iştirak etməsi ağlabatan görünmür və hətta belə bir fakt varsa, nə Moskva, nə də Minsk bunu ictimailəşdirməkdə maraqlıdır:
“Rusiya Qərblə mübarizə aparmaqla yanaşı, həm də sanksiyalar altında “boğulur”. Belarus başa düşür ki, müharibəyə birbaşa qoşulsa, onu da eyni aqibət gözləyir. Digər tərəfdən, Lukaşenko Rusiyanın təzyiqlərindən qorxur. Belə bir durumda Minsk Moskvaya minimal dəstək verməklə öz təhlükəsizliyini təmin etməyə çalışmalıdır. Görünür, Belarus hələlik bunu bacarır. İkinci tərəfdən, Belarusun birbaşa müharibəyə qoşulması daxili ictimaiyyət üçün də arzuolunan deyil. Hakimiyyət isə bunu nəzərə alır. Lukaşenko bilir ki, canlı qüvvə ilə savaşa dəstək verərsə, gələcəkdə xalq ayağa qalxa, iqtidara etiraz edə bilər. Buna görə də Lukaşenko ehtiyatlı addım atır”.
Ekspert qeyd edib ki, Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağı gözlənilmir:
“Bütün məqamlara əsasən deyə bilərik ki, savaş uzun müddət davam edəcək. Hər ötən gün Belarusun iştirak ehtimalını artırır. Bu isə ABŞ institunun bildirdiyi kimi, Belarus ordusunda, cəmiyyətində narazılığın güclənməsinə şərait yaradır. Bu baxımdan Belarusu çətin günlər gözləyir. Məhz Rusiyanın təzyiqləri və Ukraynadakı savaşla əlaqədər gələcəkdə Belarusda daxili xaotik durumun formalaşması gözləniləndir”.
Günay Rəsulqızı